Marneulidə 2 nəfər həbs olunub (VİDEO)
Marneulidə 2 nəfər qanunsuz olaraq odlu silah və döyüş sursatı saxlamaq ittihamı ilə həbs olunub.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, saxlanılanlardan biri 1977-ci il təvəllüdlü, M.M. keçmişdə müxtəlif cinayətlərə görə, məhkum olunmuş şəxsdir. Həmin şəxsin üzərində axtarış aparılan zaman qanunsuz odlu silah daşıdığı müəyyən olunub. Həmin odlu silah maddi sübut kimi götürülüb.

Saxlanılan digər şəxs isə, 1983-cü il təvəllüdlü İ.İ.-dir. O, Kvemo Kartli Polis Departamentinin Marneuli rayon şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah-sursat əldə etmək və saxlamaqda ittiham olunaraq saxlanılıb. Hakimin qərarı əsasında təqsirləndirilən şəxsə məxsus fermaya baxış keçirilib. Baxış zamanı fermadan “Mosin” markalı odlu silah aşkar edilib. Həmin silah da maddi sübut kimi polis tərəfindən müsadirə edilib.

Nazirliyin məlumatında o da qeyd olunub ki, qanunsuz olaraq odlu silah və döyüş sursatı saxlamaq ittihamı ilə müxtəlif vaxtlarda ölkənin digər regionlarında da əməliyyatlar keçirilib. Əməliyyatlar zamanı 8 nəfər həbs edilib.

Sadalanan faktlar üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb və saxlanılan şəxsləri 3 ildən 7 ilədək həbs cəzası gözləyir.


Mənbə: inforustavi.ge
Print