Kənddə yaşayan qadınların bir-birini gücləndirmək üçün fəaliyyəti
30 noyabr tarixində, “Qadınlar Birliyi” Xuldərə İcma Mərkəzində görüş keçirib. Təşəbbüs qrupunun nümayəndələri məktəb şagirdlərinə kompüter bacarıqları kursu keçiblər. Birliyin təsisçilərindən İradə Əfəndiyeva bildirdi ki, hazırda “People in need”-in dəstəyi ilə həyata keçirdikləri layihə ictimaiyyətin ehtiyacları üçün nəzərdə tutulub. Söhbət kompüter proqramı “Teams”-in və gürcü dilinin tədrisindən gedir. Əfəndiyevanın sözlərinə görə, artıq iki ildir öz icmalarının gücləndirilməsinin qayğısına qalırlar.

“Bu iki il ərzində, iki kəndin qadınları ilə birlikdə sorğu apardıq. Sorğunun məqsədi kəndin və əsasən qadınların problemlərinin müəyyən edilməsi idi. Buraya su, yol, məktəb problemi daxil idi və bunu qadınlarla birlikdə həll etdik. Ayda bir dəfə bu qadınlarla sorğu aparırıq və hansı problemlərin qalıb, yaxud həll etmişik – ona baxırıq. Bu il “People in need” çərçivəsində iki layihə qazandıq və layihələrin əsas məqsədi qadınların gücləndirilməsi, onların hüquqlarının müdafiəsi idi. Bu layihə çərçivəsində müəllimlər, uşaqlar və valideynlər üçün müxtəlif təlimlər keçirik”.

“Qadınlar Birliyinin” daha bir təsisçisi Hənifə Əfəndiyeva bildirdi ki, onların fəaliyyətləri əsasən qadınların gücləndirilməsinə, icmadakı problemlərin həlli və təşviqinə istiqamətlənib.

Əfəndiyevanın sözlərinə görə, layihəyə iki il əvvəl başlayıblar və QHT-nin köməyi ilə bir çox qadının iqtisadi baxımdan gücləndirilməsinə nail olublar. Məhz bu addım onlar üçün dayanmamağa və müxtəlif qrantlar qazanmağa əsas olub. 

“Biz ilk dəfə “Taso” fondunun dəstəyi ilə bu layihəyə başladıq və qadınlar qrupu yaratdıq. Qrup “Qadınlar Birliyi” adlanır. Bu qrupda iki kəndin qadınları birləşib və ümumilikdə 29 qadın var. Biz birlikdə “Taso” fonduna layihə yazıb verdik, layihənin məqsədi qadınların maddi, iqtisadi baxımdan gücləndirilməsi idi. 15 qadının artıq maliyyəsi var və biznes qurub. Onlar arasında, lavaş evi, şirniyyat evi, gözəllik salonu, istixanalar yer alır. Bundan sonra biz dayanmadıq və müxtəlif donorlara layihələr göndərdik. Məsələn, ötən il “Qadınlar Fondu Gürcüstan üçün” layihəmiz var idi, qalib gəldik və bizim kəndin girişində, zibillik olan ərazini təmizlədik, park düzəltdik”.

“Qadınlar Birliyinin” məqsədi kənddə yaşayan qadınların problemlərinin müəyyən edilməsi, onların həlli və qadınların gücləndirilməsidir.

Print Email
FaceBook Twitter Google