Gürcüstan parlamenti narkotik vasitələr və psixotrop preparatların
satışına görə cəzaların sərtləşdirilməsini nəzərdə tutan iki qanun
layihəsini üçüncü oxunuşda qəbul edib.
Bu barədə layihələri hazırlayan ölkənin Daxili İşlər Nazirliyindən
bildirilib.
Düzəlişlərə əsasən, narkotik vasitələrin satışına görə azadlıqdan
məhrumetmənin minimal müddəti 10 il müəyyən edilib. Hazırda bu
müddət 6 il təşkil edir.
Külli miqdarda narkotik satışı ilə məşğul olanlar 12 ildən 17
ilədək həbs olunacaqlar, satışı xüsusən külli miqdarda həyata
keçirənlər isə 14 ildən 20 ilədək və yaxud ömürlük azadlıqdan
məhrum ediləcəklər.
Digər düzəlişlərlə psixotrop maddələr, onların analoqları və yaxud
güclü təsirə malik preparatların satışına görə cəzalar da
sərtləşdirilib. Bu cinayət əməllərinə görə 3 ildən 6 ilədək həbs
cəzası tətbiq olunacaq. Bu cür vasitələr külli miqdarda satıldığı
halda 5 ildən 9 ilədək, xüsusilə külli miqdarda olduqda isə 10
ildən 14 ilədək müddətə həbs nəzərdə tutulub.