Gürcüstanda narkotik satışına görə minimal həbs müddəti 10 ilədək artırılıb
Gürcüstan parlamenti narkotik vasitələr və psixotrop preparatların satışına görə cəzaların sərtləşdirilməsini nəzərdə tutan iki qanun layihəsini üçüncü oxunuşda qəbul edib.

Bu barədə layihələri hazırlayan ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.

Düzəlişlərə əsasən, narkotik vasitələrin satışına görə azadlıqdan məhrumetmənin minimal müddəti 10 il müəyyən edilib. Hazırda bu müddət 6 il təşkil edir.

Külli miqdarda narkotik satışı ilə məşğul olanlar 12 ildən 17 ilədək həbs olunacaqlar, satışı xüsusən külli miqdarda həyata keçirənlər isə 14 ildən 20 ilədək və yaxud ömürlük azadlıqdan məhrum ediləcəklər.

Digər düzəlişlərlə psixotrop maddələr, onların analoqları və yaxud güclü təsirə malik preparatların satışına görə cəzalar da sərtləşdirilib. Bu cinayət əməllərinə görə 3 ildən 6 ilədək həbs cəzası tətbiq olunacaq. Bu cür vasitələr külli miqdarda satıldığı halda 5 ildən 9 ilədək, xüsusilə külli miqdarda olduqda isə 10 ildən 14 ilədək müddətə həbs nəzərdə tutulub.

Mənbə: report.az
Print