Marneulinin biznes sektoru “yaşıl kartlar üçün” hazırdır, yoxsa yox
İaşə obyektləri, restoranlar, kafelər və barların açıq və qapalı məkanları, kinoteatrlar, teatrlar, opera, muzeylər, konsert zalları, əyləncə mərkəzləri, kazinolar, oyun biznesi obyektləri, spa mərkəzləri, fitnes zalları, mehmanxanalar və dağ kurortlarının kanatları – bu 1 dekabr tarixindən vətəndaşların “yaşıl pasport” prinsipi ilə daxil ola biləcəyi obyektlərin siyahısıdır. Əgər şəxs tam vaksin olunubsa, 72 saat qüvvədə qalacaq PCR test, yaxud 24 saat qüvvədə olan antigen test etdiribsə, ya da koronavirus keçiribsə, onun yaşıl statusu var. “Yaşıl pasport” tələbi 18 yaşdan yuxarı olan vətəndaşlar üçün qüvvədədir.

“Marneuli” radiosu Marneuli bələdiyyəsindəki vəziyyətlə maraqlandı. “Yaşıl pasport” konsepsiyasına riayət olunur, yoxsa yox, biznes operatorlar bunu necə qarşılayıb. Biz 10-a yaxın müəssisəyə ya zəng vurduq, ya da getdik. Demək olar ki, onlardan əksəriyyətinin yeni tənzimləmə barədə məlumatı var idi. Ancaq müəyyən öhdəliyin götürülməsini və vəziyyətin aydınlaşdırılmasını gözləyirlər.

“Marneuli” mehmanxanasının rəhbərliyi bildirdi ki, “yaşıl pasportlar” barədə məlumatları var, ancaq bu gün heç kimdən tələb etməyiblər. Çünki qonaqları olmayıb.

“Düzünü desəm, bu gün heç kimi qəbul etməmişik ki, yaşıl kart tələb edək. Gəlsələr, tələb edəcəyəm. 1 dekabrdan qüvvədə olacağına dair məlumat veriblər, biz də gözləyirdik ki, kimsə gələcək və bizi məlumatlandıracaq. Hər şeyə riayət edəcəyik, əsas odur ki, sağlam və yaxşı olaq”.

Marneulidə yerləşən “Sadğeqrdzelo” restoranının nümayəndəsi bildirdi ki, hazırlaşırlar və necə lazımdırsa, elə də hərəkət edəcəklər.

“Hazırlaşırıq, necə qərar verərlərsə, elə də edəcəyik. Necə əmr versələr və desələr, elə hərəkət edəcəyik”.

“Qafqaz” mehmanxana və restoranının baş mühasibi bildirdi ki, yeni tənzimləmələrlə bağlı artıq restoranlar hazırlığa başlayıb və məlumat üçün yazılar da vurublar. Açıqlayıblar ki, qurum indi adaptasiya prosesindədir.

“Hazırıq, sadəcə adaptasiya baxımından çox çətin prosesdir. Düşünürəm ki, biznes bunun üçün hazır deyil. Hələ ki, Marneulidə. İlkin mərhələdə, bizdən asılı olan hər şeyi etdik və artıq presedent gözləyirik. Əgər yoxlama gələrsə, nə olacağını, necə olacağını desələr, işimizi daha da asanlaşdırarlar. Nə yazıblar, hansı qanunu qəbul ediblər, hələ ki, ona əsasən hazırlaşırıq”.

“Qafqaz” mehmanxanasının meneceri bildirdi ki, bu gün artıq ilk presedent baş verib, qonaqları yaşıl kart təqdim etdikdən sonra qəbul ediblər.

“Bizim artıq yaşıl kartla iki qonağımız var. Bizim tərəfimizdən nəzarət olunur. Qəbulda xüsusi alət qoymuşuq və həmin alət vasitəsilə nəzarət aparılır”.

Səhiyyə Nazirliyinin Əmək Müfəttişliyi Xidməti, DİN və Gəlirlər Xidmətinin müvafiq departamentləri, yerli bələdiyyələr, Ərzaq Təhlükəsizliyi Agentliyi monitorinqi təsadüfi prinsiplə həyata keçirəcək.

Yerli bələdiyyə Marneulidə vəziyyətə nəzarət edəcək, ya yox – Marneuli meriyasından bildirdilər ki, hələ monitorinq barədə hər hansı tövsiyə qəbul etməyiblər. Ancaq əgər bu baxımdan hansısa öhdəlik verilərsə, səlahiyyətləri çərçivəsində hazır olduqlarını bildirəcəklər.

Əmək Müfəttişliyi Xidmətinin rəhbəri Beka Peradze yeni tənzimləmələrlə bağlı açıqlama verib.

“İlk günlər aydındır ki, tövsiyə xarakteri daşıyacaq və biz biznes operatorlara, eləcə də vətəndaşlara kömək edəcəyik ki, qüvvədə olan qanunvericiliklə nəzərdə tutulmuş xidmətlərdən maneəsiz yararlana bilsinlər”.

Yaşıl pasportu olmayan şəxsin obyektə buraxılmasına görə həmin qurum məsuliyyət daşıyır. Qaydanı pozduqları halda hüquqi şəxslər üçün cərimə 10 000 lari, fərdi sahibkarlar üçün 2 000 lari təşkil edir. Qanun pozuntusu təkrar olunan halda isə obyekt bağlanacaq.

"Marneuli" Radiosu
Print