3 dekabr tarixində Marneulinin yeni Bələdiyyə Məclisi sədr və müavin seçəcək

3 dekabr tarixində yeni çağırış Bələdiyyə Məclisinin ilk iclası baş tutacaq. Yerli özünüidarə seçkilərinin nəticəsinə əsasən, Marneuli Bələdiyyə Məclisinə yalnız iki partiya daxil olub.


Məclisdə “Gürcü Arzusu” çoxluqla, “Vahid Milli Hərəkat” isə altı üzvlə təmsil olunacaq. Bələdiyyə Məclisi Aparatının rəhbəri Nino Beridzenin bildirdiyinə görə, 3 dekabr tarixində vəzifələr bölünəcək.

“İlk iclasda Bələdiyyə Məclisinin və Məclis üzvlərinin səlahiyyətləri məlum olacaq. Bu artıq 2021-2025-ci illərin Bələdiyyə Məclisi üzvlərinin səlahiyyətləridir. Həmin məqamdan köhnə Bələdiyyə Məclisi tərkibinin səlahiyyətləri dayandırılacaq. Sonra Bələdiyyə Məclisi sədri, sədr müavinləri seçiləcək. Eləcə də, əgər fraksiyalar hazır olarsa, fraksiyalar təsis ediləcək və komissiyaların sədrləri seçiləcək”, – Nino Beridze bildirdi.

Qeyd edək ki, Vahid Milli Hərəkatın üzvləri də Bələdiyyə Məclisinin ilk iclasında iştirak etməyi planlaşdırırlar.

İclas meriyanın kiçik zalında, saat 12-də başlayacaq.

Mərkəzi Seçki Komissiyası 2021-ci ilin 2 oktyabr tarixində keçirilmiş seçki nəticəsində seçilmiş Bələdiyyə Məclislərinin ilk iclasını 3 dekabr, saat 12:00-da dəvət edib. Müvafiq olaraq, 2017-ci il çağırışı Bələdiyyə Mərkəzinin səlahiyyətləri 3 dekabrda dayandırılacaq. Ona qədər isə onların bir qismi 2022-ci ilin büdcəsini təsdiqləyə bilib.

 

"Marneuli" Radiosu

 

Print