“Salam” partiyaları Marneuli meriyasında üçdilli xidmət yaratmaq vədini yerinə yetirməyə çağırıb
“Salam” platforması Marneulinin 2021-25-ci il çağırışı Bələdiyyə Məclisinə daxil olan partiyaları və yerli özünüidarəni dil baryerini aradan qaldırmaq üçün meriyanın birinci mərtəbəsində üçdilli məsləhət ofisinin yaradılması vədini yerinə yetirməyə çağırıb.

Təşkilatın bəyanatına görə, Marneulidə yaşayan əhalinin əksəriyyəti meriya xidmətlərindən yararlana bilmir, çünki dil baryeri var.

“Salam” tərəfindən yayımlanmış müraciətdə Sosial Ədalət Mərkəzinin təsisçisi Tamta Mikeladze açıqlayıb ki, xidmətlərin əlçatanlığı və siyasi iştirak baxımından vəziyyət Kvemo Kartli regionunda, xüsusilə Marneulidə ağırdır.

“Yerli özünüidarə beynəlxalq öhdəliklərə və milli qanunvericiliyə zidd olaraq azlıqların dilində tərcümə resursunu təmin etmir. Təbii ki, yerli əhali üçün etimadsızlıq və siyasi yadlaşma kimi struktur amili var. Biz bilirik ki, Marneulidə etnik azlıqlar çoxluq təşkil edir, eyni zamanda biz bilirik ki, etnik azlıqlarda dövlət dilini bilmə səviyyəsi aşağıdır. Bu məhz həmin sistemə və bizim təhsilimizdə olan tarixi uğursuzluqlara görə baş verir. Bu reallığa baxmayaraq, biz görürük ki, onların öz dilindən istifadə etmək, yaxud çox mühüm proseslər, proqramlarla bağlı öz dillərində məlumat almaq imkanı yoxdur”.

Mikeladzenin sözlərinə görə, yerli bələdiyyələrin rəsmi veb-səhifələri, sosial şəbəkələr və məlumat qəbul edənləri, ən əsası isə yerli özünüidarənin ictimai məlumata verdiyi cavab azlıqların dilinə tərcümə olunmur. Bu isə gözəgörünməz sədd və etimadzıslığa səbəb olur.

“Marneuli bələdiyyəsində əhalinin əksəriyyətinin səsi əlindən alınır və gücsüz qalırlar. Bu isə məhz dildə mövcud olan siyasətinin onların ehtiyac və hüquqlarına uyğun olmamasına görədir”, – Sosial Ədalət Mərkəzinin təsisçisi bildirir.

“Salam” siyasi partiyaları öz proqram və platformalarında Marneuli özünüidarəsinin xidmətlərinin, rəsmi səhifələrin, saytların azlıqların dilinə tərcümə edilməsi barədə vədini yerinə yetirməyə çağırıb.

"Marneuli" Radiosu
Print