Parlamentin deputatı Tariel Nakaidze Parlamentdə “nazir saatı”
formatında çıxışı zamanı təhsil naziri Mixeil Çxenkeliyə 1+4
proqramı və etnik azlıqlar üçün gürcü dilinin tədrisi barədə
suallar verib.
Nakaidzenin ilk sualı 1+4 proqramı çərçivəsində təhsil alan
tələbələrin maliyyələşdirilməsi ilə bağlı olub.
“Sizin sərəncamdakı bir məsələ çox mühümdür. Sizin
2021-22-ci tədris ilində ali təhsil müəssisələrində proqramların
maliyyələşdirilməsi qaydası və şərtləri barədə sərəncamınız var.
Altıncı maddənin beşinci bəndinə diqqət yetirmək istəyirəm. Orada
deyilir ki, proqramların maliyyələşdirilməsi çərçivəsində gürcü
dilində hazırlanmış təhsil proqramını başa vurduqdan sonra
akkreditasiyadan keçmiş təhsil proqramına qəbul olan şəxslərin
təhsilinin maliyyələşdirilməsi yolverilməzdir. Yəni 1+4 proqramında
kim iştirak edirsə, onların təhsili maliyyələşdirilmir. Gürcüstanın
digər vətəndaşları pulsuz prioritet proqramda təhsil alırlar, ancaq
bunların həmin proqramda pulsuz təhsil almaq imkanları yoxdur.
Mənim fikrimcə bu diskriminasiyadır. Eləcə də, hansısa əlavə təhsil
proqramı barədə, xüsusilə gürcü dili problemi olan regionlarda
gürcü dilini tədris etməyi düşünmürsünüzmü? Bu istiqamətdə, həmin
regionlar üçün mühüm olacaq hansısa yeni proqramlarımız
yoxdurmu?” – Tariel Nakaidze bu sualla təhsil
nazirinə müraciət edib.
Nakaidzenin sualına cavab olaraq təhsil naziri Mixeil Çxenkeli
bildirib ki, 1+4 proqramı çərçivəsində, akademik iştirakdan irəli
gələrək, yüksək balı olan 200 tələbəyə qeyd olunan proqram
pulsuzdur. Gürcü dilinin tədrisinə gəldikdə isə, nazir açıqlayıb
ki, Gürcüstanın bütün regionlarında, eləcə də etnik azlıqların
məskunlaşdığı regionlarda, uşaq bağçasından gürcü dilinin tədrisinə
başlanılır.
“Nazir saatı” çərçivəsində təhsil nazirinə verilmiş suala Nakaidze
istədiyi cavabı almayıb və buna görə, Çxenkeliyə sualı yenə təkrar
edib.
“Əlbəttə, maliyyələşdirmə məsələsi universitet
büdcəsinin bir hissəsidir və artıracağıq. Hazırda 1+4 proqramında
təhsil alan 200-dən artıq tələbə üçün proqram pulsuzdur. Bu
istiqamətdə çalışacağıq ki, say artırılsın. Əlbəttə, hamı üçün
pulsuz olması ideal olardı. İndi bizim keçəcəyimiz yeni model 1+4
proqramına da aiddir. Baza maliyyələşdirməsini nəzərə almaqla bir
sıra vəsait ola bilər və bu aspektdə də təbii ki, həmin tələbələrin
maliyyələşdirilməsini nəzərə alacağıq. Mən demirəm ki, pulsuz
fakültələr ləğv olunacaq. Ancaq biz razılaşacağıq ki, hansı
istiqamətlər prioritet olacaq və artıq ali təhsilin
maliyyələşdirilməsinin yeni mərhələsində bütün tələbələr üçün
pulsuz olacaq həmin fakültələrin hansıların olacağını
görəcəyik”, – təhsil naziri Nakaidzenin sualına cavab
verib.
Qeyd edək ki, Marneulili deputatlar təhsil nazirinə sual verməyib.
Parlamentin Marneuli və Qardabani seçki dairəsindən seçilmiş
majoritar deputatı Zaur Darğallının sözlərinə görə, onun nazirə
sualı olmayıb, çünki nazirliklə gündəlik əlaqəsi var və aparılan
proseslər barədə məlumat alır.