İsveçin paytaxtı Stokholmda GUAM təşkilatına üzv ölkələrin Xarici
İşlər Nazirləri Şurasının 38-ci iclası keçirilib.
Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN)
bildirilib.
Gürcüstanın XİN başçısı David Zalkaliani ölkənin GUAM-a 2021-ci
ildə sədrliyinin yekunları və pandemiyaya baxmayaraq, il ərzində
əldə olunmuş nəticələr barədə məlumat təqdim edib.
Tərəflər təşkilatın gündəliyində duran əməkdaşlığın əsas
məsələləri, həmçinin siyasi, parlamentlərarası, sahələrarası, eyni
zamanda “GUAM+” formatı çərçivəsində əməkdaşlığın inkişaf
perspektivlərini müzakirə ediblər.
Müzakirələr zamanı regionda təhlükəsizlik məsələləri də nəzərdən
keçirilib. GUAM çərçivəsində əməkdaşlıq və qarşılıqlı əlaqələrin
koordinasiyasının önəmi vurğulanıb.
İclasın sonunda təşkilata sədrliyin Moldovaya təhvil verilməsi
barədə protokol imzalanıb. D.Zalkaliani Gürcüstanın GUAM-a sədrliyi
müddətində əməkdaşlığa görə həmkarlarına minnətdarlıq edib və
2022-ci ildə təşkilata rəhbərlik edəcək Moldova tərəfinə uğurlar
arzulayıb.