ATƏT-in Nazirlər Şurasının Stokholmda təşkil olunan 28-ci iclasında
iştirakı çərçivəsində Gürcüstanın sədrliyi ilə GUAM-a üzv
dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 38-ci görüşü
keçirilib.
Görüşdə çıxış edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov
pandemiya şəraitində GUAM üzv ölkələri ilə əməkdaşlıq, müxtəlif
istiqamətlərdə GUAM çərçivəsində layihələrin həyata keçirilməsi,
habelə müharibə sonrası bölgədə mövcud olan vəziyyət barədə
həmkarlarına məlumat verib.
O vurğulayıb ki, GUAM çərçivəsində müxtəlif istiqamətlər, o
cümlədən azad ticarət zonası, konsulluq, nəqliyyat və ticarət
sahələrində əməkdaşlığın inkişaf etdirilməsi əhəmiyyət kəsb edir.
Azərbaycan GUAM Nəqliyyat Dəhlizi layihəsinin Şərq ilə Qərb
arasında nəqliyyat və ticarətin əsas elementi kimi nəzərdən keçirir
və bu layihənin reallaşmasını dəstəkləyir.
GUAM çərçivəsində parlament ölçüsü əməkdaşlığın əhəmiyyətli tərkib
hissəsini təşkil edir və üzv ölkələrin parlamentarları arasında
əməkdaşlığın genişləndirilməsi önəmlidir.
Mənbə: report.az