“Gürcüstan hökuməti “yaşıl pasport” sisteminin ictimai
nəqliyyatda da tətbiq olunması məsələsini müzakirə
edir”.
Bunu ölkənin səhiyyə naziri Ekaterine Tikaradze "Birinci Kanal"a
müsahibəsində deyib.
Nazir bildirib ki, ictimai nəqliyyatda müəyyən risklər var, lakin
qaydalara əməl olunmasına nəzarət daha vacibdir:
“COVID-19 pasportunun ictimai nəqliyyat vasitələrində
tətbiqi qaydaları ilə bağlı intensiv məsləhətləşmələr aparılır. Biz
yalnız bundan sonra tövsiyələri hazırlayacağıq”.
Qeyd edək ki, Gürcüstanda “yaşıl pasport” sisteminin tətbiqinə
dekabrın 1-dən başlanılıb və 18 yaşdan yuxarı ölkə vətəndaşları və
əcnəbilər bir sıra obyektlərə yalnız bu sənədlə daxil ola bilirlər.
Həmin obyektlərin siyahısına restoran, kafe, barlar, əyləncə
mərkəzləri, teatr, kinoteatr, muzeylər, konsert zalları, kazino,
SPA və idman zalları, mehmanxana, dağ kurortlarında kanat yolları
daxildir. Mağaza, supermarket, aptek və ictimai nəqliyyatda bu
sənəd tələb edilmir.
“Yaşıl” statuslu şəxslər koronavirus əleyhinə tam vaksin olunmuş və
yaxud son 72 saat ərzində edilmiş PCR testin, ya da 24 saat ərzində
verilmiş sürətli testin mənfi cavabı və ya COVID-19 keçirmiş
şəxslər hesab edilir. Testlərin əsasında “yaşıl” status alan şəxsin
bu statusu testin qüvvədə olma müddəti başa çatandan sonra
dayandırılır.