İran, Azərbaycan və Gürcüstan Fars körfəzini Qara dənizə
birləşdirən tranzit marşrutunun yaradılması üzrə razılığa gəliblər.
Bunu İranın Yollara Texniki Xidmət və Nəqliyyat üzrə Təşkilatının
(RMTO) rəsmisi deyib.
RMTO-nun Beynəlxalq Tranzit və Daşımalar İdarəsinin Baş direktoru
Cavad Hedayətinin sözlərinə görə, Azərbaycan və Gürcüstanla
(avtomobil nəqliyyatı ilə bağlı) iki görüş keçirilib, biz iki
ölkəyə regional yaxınlaşma üçün yeni tranzit dəhlizinin yaradılması
təşəbbüsünü təklif etdik:
“Əlbəttə, bu plan artıq
səkkiz il əvvəl təklif edilib, lakin bir çox ölkələrin bu sazişə
cəlb olunması səbəbindən hələ də həyata keçirilməyib və tərəflər
konsensus əldə edə bilməyib. Bu yeni marşrutun yaradılması Fars
körfəzini Qara dənizə birləşdirə bilər.
Gürcüstan və İran sazişin iki əsas tərəfidir, çünki İran Fars
körfəzi vasitəsilə sərbəst sulara bağlıdır və Gürcüstan isə Qara
dənizin şərqində iki mühüm ticarət limanına malikdir. Digər
tərəfdən, Gürcüstan və Azərbaycan öz nəqliyyat infrastrukturunu
yaxşılaşdırmaq və inkişaf etdirmək üçün böyük səylər göstəriblər,
ona görə biz bu iki ölkə ilə əməkdaşlığı artırmağa
çalışdıq”.
Cavad Hedayəti müqaviləyə əsasən qeyd etdi ki, ilk növbədə, yaxın 4
ay ərzində İran mallarının Astara sərhədindən Azərbaycana, həmçinin
Gürcüstanın Qara dənizdəki limanları vasitəsilə Bolqarıstana və ya
digər Şərqi Avropa ölkələrinə çatdırılması üçün İrandan bəzi pilot
yüklər göndəriləcək.
Biz bu layihənin pilot mərhələsini [cari İran təqvimi] ilin
sonunadək (2022-ci ilin martın 20-dək) həyata keçirməyə çalışırıq
ki, maneələr və problemlər müəyyən olunsun və nəhayət, üç ölkə
arasında göndərmə xərclərini və vaxtı azaltmaq üçün mexanizmin
yaradılması ilə bağlı yekun üçtərəfli görüş keçirilsin”.
Qeyd edək ki, İran strateji mövqeyi və xüsusi coğrafiyası səbəbi
ilə ticarət və tranzit əlaqələrində xüsusi statusa malik olan
ölkələrdən biridir və ölkə bir neçə mühüm beynəlxalq dəhlizdən
keçir.
İranın cənubunda dünyanın əsas neft hasil edən ölkələrinin
yerləşdiyi Fars körfəzi var. Bu bölgə dünyanın enerji darboğazı
hesab olunur.
İranın şimalında İran, Rusiya, Qazaxıstan, Türkmənistan və
Azərbaycan arasında ən yaxşı körpü olan və bu ölkələr arasında
ticarətdə mühüm rol oynaya biləcək Xəzər dənizi yerləşir.
İran qərbdən və şərqdən İraq, Türkiyə, Pakistan və Əfqanıstanla
həmsərhəddir. Yəni demək olar ki, İran 15 ölkə ilə quru və su
sərhədləri vasitəsilə əlaqə saxlayır və eyni zamanda bu ölkələr
arasında (bir-biri ilə və dünyanın digər hissələri ilə) körpü
rolunu oynaya bilər.