Tbilisidə Zurab Tsereteli adına Müasir İncəsənət Muzeyində “Heydər
Əliyev irsi və Gürcüstanla münasibətlər” adlı sərginin açılış
mərasimi keçirilib.
Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkil etdiyi tədbir
ümummilli liderin vəfatının 18-ci ildönünümə həsr olunub.
Sərgidə ulu öndərin 100-dən çox fotoşəkli sərgilənib. Onların
əksəriyyəti Heydər Əliyevin Gürcüstana səfərləri və qonşu ölkədə
keçirdikləri görüşləri əks etdirir.
Mərasimdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev,
Azərbaycanın keçmiş Baş və xarici işlər naziri Həsən Həsənov,
Gürcüstanın xarici işlər nazirinin müavini Vladimir Konstantinidi,
vitse-spiker Arçil Talakvadze, Türkiyənin Gürcüstandakı səfiri
Fatma Ceren Yazqan, “SOCAR Energy Georgia” şirkətinin Baş direktoru
Mahir Məmmədov, Gürcüstanın tanınmış ictimai və siyasi xadimləri,
azərbaycanlı icmanın üzvləri iştirak ediblər. Kvartet Azərbaycanın
klassik musiqiləri və H.Əliyevin sevdiyi mahnıları ifa edib.
Sərgi iki gün ziyarətçilər üçün açıq olacaq.