Köhnəldiyini görə tez-tez xarab olan avtobusun dəyişdirilməsi indiki mərhələdə planlaşdırılmır
Marneuli-Qırmızı Körpü xətti üzrə hərəkət edən bələdiyyə avtobusu
yenə xarab olub.
Bu gün, 18 yanvar tarixində, səhər saatlarında sosial şəbəkədə
vətəndaşlar Marneuli-Qırmızı Körpü xətti üzrə hərəkət edən
avtobusun sıradan çıxması ilə bağlı paylaşım ediblər. Paylaşımda
bildiriblər ki, qeyd olunan xətdə yalnız bir avtobus işləyir, buna
görə də vətəndaşlar hərəkət etməkdə çətinlik çəkirlər.
“Mən soyuqda küçədə qaldım. Avtobusun 300 yaşı olub. Bu
xətdə yalnız bir avtobus işləyir”, – sosial şəbəkədə
sıradan çıxmış avtobusun fotosunu paylaşan Zviad Pipia yazıb.
“Marneuli Avtopark”-ın rəhbəri Qiqa Calağonia “Marneuli” radiosu
ilə söhbəti zamanı bildirdi ki, Marneuli-Qırmızı Körpü xətti üzrə
hərəkət edən avtobus təmirdən sonra işləyəcək.
“Hələ ki, xəttə yeni avtobusların əlavə edilməsi
planlaşdırılmır. Texnika sıradan çıxır, nə edək? Təmir olunan kimi
xəttə buraxılacaq”, – Qiqa Calağonia bildirdi.
Marneuli yerli özünüidarəsi 2022-ci il ərzində 5 yeni avtobus
almalıdır. Bunun üçün büdcədən pul ayrılmalıdır. Qiqa Calağonia
“Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, indiki mərhələdə
yeni avtobusların hansı xəttə buraxılacağı bilinmir.
“Avtobuslar hələ gətirilməyib və konkret plan yoxdur.
Ancaq köhnə avtobusların yenisi ilə əvəz edilməsi planlaşdırılır və
sıradan çıxmış avtobus xətdən çıxarılacaq. Hər şəkildə çalışacağıq
ki, Qırmızı Körpü xəttinə bir yeni avtobus buraxaq”,
– Qiqa Calağonia bildirdi.
Marneuli yerli özünüidarəsi yeni avtobuslar alana qədər
Marneuli-Qırmızı Körpü istiqamətində yenidən köhnə avtobus hərəkət
edəcək. Qırmızı Körpü xətti üzrə hərəkət edən avtobus təmirdən
sonra fəaliyyətini davam etdirəcək. Ona qədər isə vətəndaşlar
taksi, yaxud maşını olan qonşunun ümidinə qalacaqlar.