Köhnəldiyini görə tez-tez xarab olan avtobusun dəyişdirilməsi indiki mərhələdə planlaşdırılmır
Marneuli-Qırmızı Körpü xətti üzrə hərəkət edən bələdiyyə avtobusu yenə xarab olub. Bu gün, 18 yanvar tarixində, səhər saatlarında sosial şəbəkədə vətəndaşlar Marneuli-Qırmızı Körpü xətti üzrə hərəkət edən avtobusun sıradan çıxması ilə bağlı paylaşım ediblər. Paylaşımda bildiriblər ki, qeyd olunan xətdə yalnız bir avtobus işləyir, buna görə də vətəndaşlar hərəkət etməkdə çətinlik çəkirlər.

“Mən soyuqda küçədə qaldım. Avtobusun 300 yaşı olub. Bu xətdə yalnız bir avtobus işləyir”, – sosial şəbəkədə sıradan çıxmış avtobusun fotosunu paylaşan Zviad Pipia yazıb.

“Marneuli Avtopark”-ın rəhbəri Qiqa Calağonia “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, Marneuli-Qırmızı Körpü xətti üzrə hərəkət edən avtobus təmirdən sonra işləyəcək.

“Hələ ki, xəttə yeni avtobusların əlavə edilməsi planlaşdırılmır. Texnika sıradan çıxır, nə edək? Təmir olunan kimi xəttə buraxılacaq”, – Qiqa Calağonia bildirdi.

Marneuli yerli özünüidarəsi 2022-ci il ərzində 5 yeni avtobus almalıdır. Bunun üçün büdcədən pul ayrılmalıdır. Qiqa Calağonia “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, indiki mərhələdə yeni avtobusların hansı xəttə buraxılacağı bilinmir.

“Avtobuslar hələ gətirilməyib və konkret plan yoxdur. Ancaq köhnə avtobusların yenisi ilə əvəz edilməsi planlaşdırılır və sıradan çıxmış avtobus xətdən çıxarılacaq. Hər şəkildə çalışacağıq ki, Qırmızı Körpü xəttinə bir yeni avtobus buraxaq”, – Qiqa Calağonia bildirdi.

Marneuli yerli özünüidarəsi yeni avtobuslar alana qədər Marneuli-Qırmızı Körpü istiqamətində yenidən köhnə avtobus hərəkət edəcək. Qırmızı Körpü xətti üzrə hərəkət edən avtobus təmirdən sonra fəaliyyətini davam etdirəcək. Ona qədər isə vətəndaşlar taksi, yaxud maşını olan qonşunun ümidinə qalacaqlar.
Print