“Gürcüstan” qəzetinin keçmiş şöbə müdiri, Gürcüstanın Əməkdar
mədəniyyət işçisi, jurnalisti, şair-publisist Nəsib Nəsibov 84
yaşında dünyasını dəyişib.
Bu barədə məlumatı “Marneuli” radiosuna “Gürcüstan” qəzetinin
redaktor müavini Binnət Əlioğlu verdi. O, Nəsib Nəsibovun vəfatının
Gürcüstan azərbaycanlıları üçün çox ağır bir itki olduğunu
dedi.
Qeyd edək ki, Nəsib Nəsibov 1938-ci ilin 18 martında Marneuli
rayonunun Böyük Muğanlı kəndində anadan olub. Orta təhsilini də elə
həmin kənddə alıb. O, məktəbi bitirdikdən sonra Bakı şəhərinə
gedərək, Azərbaycan Dövlət Univerisitetinin Şərqşünaslıq
fakültəsinə daxil olub. 1961-ci ildə ali məktəbi bitirdikdən sonra
doğma kəndinə qayıdaraq, mədəniyyət evində direktor vəzifəsində
çalışıb.
Nəsibov 1963-cü ildən “Gürcüstan” qəzetində işləyib və şöbə müdiri
vəzifəsinə qədər yüksəlib. O, bununla yanaşı 1993-cü ildən 2000-ci
ilə qədər Gürcüstan Dövlət Təhlükəsizlik Nazirliyi Akademiyasının
xarici dillər kafedrasında müəllim, daha sonra isə baş müəllim kimi
işləyib.
“Şərəf” ordenli N.Nəsibov leksikologiya sahəsində də işlər görüb.
O, 1987-ci ildə 21 000 söz və ifadədən ibarət “Gürcücə-azərbaycanca
lüğət” kitablarının həmmüəllifi olub. O, kitabı Süleyman Süleymanov
və Venera Cangidze ilə birlikdə hazırlayıb.
Nəsib Nəsibov bir sıra şeir və məqalələrin müəllifidir. Onun
əsərləri Gürcüstan və Azərbaycan jurnallarında da dərc olub. O,
gürcü şair və yazıçıların bir sıra əsərlərini Azərbaycan dilinə
tərcümə edib. Bununla yanaşı, bir sıra dərsliklərin tərcüməsinin də
müəlliflərindəndir. O, gürcü, rus, azərbaycan, türk və fars
dillərində bilirdi.