Meriyada məktəbəqədər yaşda olan uşaqlar üçün gürcü dilinin tədrisi kitabının təqdimatı keçirilib
21 yanvar tarixində, Marneuli meriyasında “birinci siniflər üçün akademiya” kitab və dəftərinin Azərbaycandilli versiyasının təqdimatı keçirilib. Material məktəbəqədər yaşda olan uşaqlar üçün nəzərdə tutulub. Dərslik “Etalon”-un aparıcısı, Qoça Tkeşelaşvilinin müəllifliyi ilə hazırlanıb. O, bizimlə söhbəti zamanı bildirdi ki, ideya pandemiya dövründə yaranıb və ilk əvvəl gürcüdilli versiya çap olunub.

“Mən şəxsən problemlə qarşılaşmışam. İkinci nəvəm birinci sinfə getdi və kovid pandemiyasından irəli gələrək, gürcü dili əlifbasını lazımı səviyyədə mənimsəyə bilmədi. Bunların hamısı barədə dərindən düşündük və aydın oldu ki, çətindir, ancaq milli, sosial vəziyyətinə və s. baxmayaraq, hər bir ailə uşağını hazırlaya bilər. Bu kitab ötən il hazırlandı. İlk dəfə Gürcüstan miqyasında 18 bələdiyyə seçdik”.

Tkeşelaşvili bildirdi ki, kitabın əsas məqsədi gürcü dilinin tədrisinin əyləncəli və innovativ metodlarıdır. Marneuli, Qardabani, Dmanisi və Bolnisidə xüsusi yaradılmış qruplar dərsliyin Azərbaycandilli versiyası üzərində işləməyə başladılar. Həmin adamlar təhsil sahəsi ilə bağlıdırlar.

“Gördük ki, qeyri-gürcüdilli əhalinin dövlət dilini öyrənməsi baxımından böyük çatışmamazlıq var. Əgər uşaqlıqdan dövlət dilini öyrənmək imkanı olarsa, o, tamhüquqlu vətəndaş olmağa hazır olacaq. Dmanisi, Marneuli, Bolnisi və Qardabani ilə işləməyə başladıq. Məsələn, məktəblərlə bağlı olan adamlardan ibarət qruplar yaradıldı. Artıq nəşr üçün hazır olan bu kitab adaptasiya edildi. Çox yaxşı alındı və ikidilli, gürcü və azərbaycandilli kitab olması üçün işlər aparılır. Bu məktəbə hazırlıq üçün möhtəşəm ailə kitab və dəftəri olacaq”.

“Etalon” layihəsinin müəllifinin sözlərinə görə, kitab üçün artıq Azərbaycandilli mətnlər hazırlanıb və yaxın günlərdə çap olunacaq. Qoça Tkeşelaşvili bildirdi ki, əgər yerli özünüidarələr özləri kitab alsalar, daha yaxşı olar və yerli sakinlərə verərlər. O, düşünür ki, bununla onlar dövlət dilinin tədrisi prosesinə dəstək olarlar.

“Bu kitab hər ailəyə verilərsə, çox böyük effekti olacaq. Bağçaların iştirakı da mühümdür. Çünki bağçalar bir növ bələdçi olacaq. Hər bir ailənin dövlət dilini asan şəkildə öyrənməsi üçün dönüş nöqtəsi yaranır. Bu kitab iki dildə hazırlanırsa, təbii ki, həcmi də ikiqat olur və istəyirik hamı üçün əlçatan olsun. Bələdiyyələr tərəfindən dövlət maliyyəsi də effektiv xərclənsin və həmin dəyər qalsın. Kitabın dəyəri 25 laridir və istəyirik ki, gürcü-azərbaycandilli kitabın da qiyməti eyni olsun. Belə olarsa, özünüidarələr kitabı ala bilsin və ailələrə paylasınlar (istədiklər halda)”.

Qeyd edək ki, Bolnisi bələdiyyəsi 2021-ci ildə qeyd olunan kitabı məktəbə hazırlıq qrupunun müəllimlərinə verib. Bolnisi merinin qərarına görə, gələcək birinci siniflərə “birinci sinif akademiyasının” gürcü və azərbaycandilli nəşri pulsuz, hədiyyə olaraq veriləcək.

"Marneuli" Radiosu
Print