“Gürcüstanın Azərbaycanla turizm sahəsində çox yaxşı
əməkdaşlığı var. Azərbaycan bizim üçün strateji bazarlardan
biridir”.
Bunları Tbilisidə Azərbaycan və Gürcüstan arasında kombinə edilmiş
turların təqdimat mərasimində iştirak etmiş Gürcüstanın Milli
Turizm Administrasiyasının rəhbər müavini Tamar Koriauli deyib.
Onun sözlərinə görə, koronavirus pandemiyasına qədər ölkələr
arasında turizm sahəsində məhsuldar əməkdaşlıq olub:
“Ümid edirəm ki, hər iki ölkədə pandemiya ilə bağlı
vəziyyət sabitləşəcək, bu il və gələn il əməkdaşlığımız
pandemiyadan öncəki dövrdə olduğu kimi daha fəal
olacaq”.
Administrasiyanın nümayəndəsi qeyd edib ki, kombinə edilmiş
turlarla Gürcüstan və Azərbaycanı beynəlxalq ziyarətçilər üçün daha
cəlbedici etmək mümkün olacaq:
“Azərbaycanın Dövlət Turizm Agentliyinin nümayəndələri
ilə bu gün keçirdiyimiz görüşdə əməkdaşlığa dair müxtəlif
mövzuları, ölkələrin potensialının düzgün istiqamətdə istifadəsi,
Avropa və Asiya bazarları üçün regionun cəlbediciliyinin
artırılması məsələlərini müzakirə etdik. Gələcək təşəbbüsləri
planlaşdırmaq məqsədilə növbəti addım informasiya və təcrübə
mübadiləsi olacaq”.