Tbilisidə Azərbaycan və Gürcüstan arasında kombinə edilmiş turların
təqdimat mərasimi keçirilib.
Tədbir Azərbaycan Turizm Bürosunun “Azerbaijan Travel. Showroom”
qonaq mərkəzində baş tutub.
Təqdimatda mədəni və tarixi irs, sağlamlıq və müalicə,
qastronomiya, “İpək yolu”, “Əli və Nino”, yəhudi, alman, polşa
irsi, dini abidələr kimi tematik marşrutlar, təbiət və əyləncə
məhsulları yer alıb.
Tədbirdə Gürcüstanın aparıcı turizm şirkətlərinin nümayəndələri və
KİV təmsilçiləri iştirak ediblər.
Az'rbaycan Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə
büroya açıqlamasında birgə turların mahiyyəti və gözləntilərdən
danışıb. O, deyib ki, postpandemiya dövründə turizm sahəsində ciddi
rəqabət olacaq:
“Bütün turizm ölkələri rəqabət qabiliyyətlərini
artırmaq üçün yeni məhsullar və marşrutlar formalaşdırırlar.
Dünyanın elə regionları var ki, Cənubi Qafqaz ölkələrinə ayrı-ayrı
destinasiya kimi baxmırlar. Bir regionda yerləşən destinasiya
olaraq Azərbaycan və Gürcüstan arasında birgə turizm paketlərinin
tətbiqi ilə bağlı təcrübə var, lakin hələ sistemli xarakter
daşımır. Birgə turizm məhsulları ilə müəyyən hədəf ölkə və
regionlardan ziyarətçiləri daha sistemli şəkildə cəlb edə
biləcəyik. Hər iki ölkənin dövlət qurumları və biznes sektor da bu
istiqamətdə daha sıx əlaqəli fəaliyyət
göstərəcək”.
K.Quluzadə kombinə edilmiş turların bu il Gürcüstanla birgə təşviq
olunacağı, gələn ildən isə test rejimində tətbiq olunacağını və
daha sonra intensiv xarakter alacağını bildirib.
Agentlik rəsmisi qeyd edib ki, kənardan Azərbaycanın turizm
sahəsində Gürcüstanla rəqabət apardığı görünə bilər, lakin bu, belə
deyil: “Azərbaycanın turizm sahəsində Gürcüstanla tərəfdaşlıq
münasibətləri var. Bugünkü təqdimat da bu tərəfdaşlığın bir
nümunəsi və gələcəkdə əməkdaşlığın daha da möhkəmləndiriləcəyinin
göstəricisidir”.