Tbilisi meri Kaxa Kaladzenin sözlərinə görə, sosial cəhətdən həssas
pensiyaçılar üçün nəzərdə tutulmuş 500 larilik proqramdan 17 685
pensiyaçı faydalanıb.
Paytaxt merinin Tbilisi hökumətinin iclasında dediyinə görə,
proqramın benefisiarları Tbilisidə qeydiyyatda olan, müvafiq ailə
reytinqi 200 mini keçməyən pensiya yaşında olan insanlardır.
“Sosial cəhətdən həssas pensiyaçılar üçün 500 larilik
vauçer mənim seçkiqabağı vədim idi. Biz bu istiqamətdə konkret
addım atmışıq, bu proqrama start verilib və kifayət qədər uğurla
fəaliyyət göstərir. Bu günədək 17 685 pensiyaçı bu proqramdan
yararlanıb. Bu proqram çərçivəsində onlar ilin istənilən vaxtında
500 lariyə qədər həkimin yazdığı müxtəlif dərman preparatlarını ala
bilərlər.
Proqramın benefisiarları Tbilisidə qeydiyyatda olan, müvafiq ailə
reytinqi balı 200 mini keçməyən pensiya yaşına çatmış şəxslərdir.
Hələ bu proqramdan istifadə etməyənlər sağlamlıq durumunuz, eləcə
də lazımi dərmanlar barədə məlumat verəcək həkimlə əlaqə saxlayıb
proqramın xüsusi elektron moduluna yerləşdirsinlər və sizə yazılı
bildirişlə xüsusi kod göndəriləcək. Biz bu proqramı həyata
keçirməyə davam edəcəyik və mümkün qədər pensiyaçıların yanında
olacağıq”, - deyə Kaladze bildirib.