Əhali aylıq nağd pulunun 44%-ni ərzaq məhsulları almağa xərcləyir
Gürcüstan əhalisinin aylıq istehlak pulu xərclərinin 43,7%-ni ərzaq məhsulları təşkil edir ki, bu da vətəndaşların xərclərinin böyük hissəsinin ərzağa xərclənməsi deməkdir.

Müqayisə üçün qeyd edək ki, inkişaf etmiş ölkələrdə ərzaq məhsullarının istehlak xərclərində payı xeyli aşağıdır; Məsələn, ABŞ-da bu rəqəm 27%, Eurostat-ın məlumatına görə, Polşada ərzaq xərcləri ümumi xərclərin 17%, Litvada 20%, Belçikada 12,5%, Yunanıstanda 15%, Hollandiyada 11% təşkil edir.

Gürcüstan Milli Statistika İdarəsinin məlumatına görə, Gürcüstanda orta hesabla bir ailə ayda 1158 lari xərcləyir (orta ailənin 3,3 üzvü var), bu da hər üzvə ayda 346 lariyə başa gəlir.

Bu cəmi 1158 lari məbləğində vəsaitin 70%-i istehlakçıların nağd pul xərcləri, 23,1%-i qeyri-istehlak pul xərcləri, 6,8%-i isə nağdsız xərclərdir. Nəticədə, bir ailə ayda orta hesabla 810 lari istehlak pulu xərcləyir. Bu 810 lari kateqoriyalara görə aşağıdakı kimi paylanır:

• Qida məhsulları, içkilər, tütün məmulatları üzrə - 43,7% və ya 354 lari;
• Ev, su, elektrik, qaz və digər yanacaq növləri - 12,7% və ya 103 lari;
• Nəqliyyat üçün - 10,9% və ya 88 lari;
• Səhiyyə - 11,7% və ya 95 lari;
• Geyim, ayaqqabı - 3,5% və ya 28 lari;
• Məişət malları - 3,4% və ya 28 lari;
• Təhsil - 2% və ya 16 lari;
• Digər - 12,1% və ya 98 lari.

Milli Statistika İdarəsinin hesabatına görə, 2021-ci ildə əhalinin istehlak xərcləri artıb, 2020-ci ildə orta hesabla bir ailə ayda 1038 lari xərcləyirdisə, 2021-ci ildə bu xərclər 1158 lariyə yüksəlib.

İnflyasiya, xüsusən də ərzaq qiymətlərinin ikirəqəmli artması istehlak xərclərinə təzyiqi daha da artıracaq.

Mənbə: BM
Print