“Gürcü dilinin xüsüsi ilə gənc əhali arasında
öyrənilməyə davam etməsi gənc azərbaycanlıların Gürcüstanda təhsilə
davam etməsi, universitetlərdə, peşə məktəblərində peşə sahibi
olmaları və ondan sonra ictimai həyatda iştiraklarına imkan
verəcək”.
Bunu müsahibəsində Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren
Yazqan deyib.
Səfirin sözlərinə görə, azərbaycanlılar Gürcüstanın dörd bir
tərəfində öz töhfələrini verə bilərlər:
“Onlar müəllim,
həkim, mühəndis olaraq sadəcə Marneuli bələdiyyəsində deyil,
Tbilisi bələdiyyəsində, Telavidə, Kutaisidə, Sameqreloda niyə
təmsil olunmasınlar?! Azərbaycanlılar Gürcüstanın dörd bir
tərəfində öz töhfələrini verə bilərlər və məncə bu önəmli bir
mövzudur”.
F.C.Yazqan Azərbaycan kökənli Gürcüstan vətəndaşlarının təhsilinin
və sosial-iqtisadi vəziyyətinin inkişaf etdirilməsinin önəmli
olduğunu bildirib:
“Bunu sadəcə biz - Türkiyə
Cümhuriyyəti olaraq etmirik. Bu sahədə Almaniya, İsveçrə, ABŞ-ın da
töhfələri olur. Burada önəmli olan Gürcüstan hökumətinin həyata
keçirdiyi layihələri dəstəkləmək və onlarla bərabər xalqın da bu
layihəyə sahiblənməsidir. Türkiyə Türk Əməkdaşlıq və Koordinasiya
Agentliyi (TİKA) bu günə qədər Gürcüstanda sadəcə azərbaycanlılara
deyil, eyni zamanda Zuqdididə, Butumidə, Acarıstanda, Kartlidə,
Şida Kartlidə, Samtsxe Cavaxetidə bir çox layihələr
reallaşdırıb”.
Xaınm səfir azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli
bölgəsinin böyük turizm potensialına da diqqət çəkib:
“Hesab edirəm ki, bu bölgədə turizm sektoru mütləq
inkişaf etdirilməlidir. Kvemo Kartlidə bu qədər gözəl yerlər
ola-ola, belə qonaqpərvər xalq var ikən mütləq turizmin inkişafı
üçün layihələrin edilməsi lazımdır. Bölgənin gözəl bulaqları,
yaylaları var. Bunları tanıtmaq lazımdır. Türkiyədən Marneuliyə
turist gəldiyi zaman harada istirahət edəcəyi, harada yemək
yeyəcəyi, harada gəzəcəyi, oradan Bolnisiyə, Dmanisiyə gedəcəyi
yolları bilməlidir. Fikrimcə, bu bölgəni turizmə mütləq
qazandırılmalıyıq. Kvemo Kartlidə olarkən hər zaman turistlərin
gəlişi, at yarışları, gözəl Azərbaycan və Gürcüstan milli mətbəx
nümunələrinin təqdim edildiyi restoranı olan xoş bir yer təsəvvür
edirəm. Bütün dünyada aqro turizm inkişaf etdirilir. Kəndlə
turizmin birləşdirilməsi ilə kənd sakinləri əlavə gəlir əldə edir.
Niyə Kvemo Kartlidə bu olmasın?! Bölgə, Dmanisi, Bolnisi velosiped
turu üçün də çox uyğundur”.
Mənbə: report.az