“Bu gün müstəqil Azərbaycan və Gürcüstan Cənubi
Qafqazda sülh və sabitliyin zəmini, dünya miqyasında dayanıqlı,
nüfuzlu ölkələrdir”.
Bunu Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Marneulinin
İctimai Kollecində təşkil olunan hər iki ölkənin müstəqillik
günlərinə həsr edilən tədbirdə deyib.
O, 28 May - Azərbaycanın Müstəqillik Gününün Gürcüstanda qeyd
edilməsinin rəmzi xarakter daşıdığını bildirib:
“Azərbaycanın ilk müstəqilliyinin bəyannaməsi 1918-ci
ildə məhz Tbilisidə qəbul edilib. Azərbaycan Xalq Cümhuriyyətinin
banilərinin Tbilisi şəhəri ilə bağlılıqları olub. Bildiyiniz kimi,
parlament sədri olmuş Əlimərdanbəy Topçubaşov Tbilisidə doğulub.
Eyni zamanda, ilk baş nazir Fətəli xan Xoyski Gürcüstana mühacirət
edib, 1920-ci ildə Tbilisidə erməni daşnakları tərəfindən qətlə
yetirilib və Botanika bağındakı görkəmli azərbaycanlıların
panteonunda dəfn olunub. Azərbaycan dövləti və xalqı Cümhuriyyətin
qurucularını böyük hörmətlə anır, onların əziz xatirələri
qəlblərimizdə yaşayır”.
Səfirin sözlərinə görə, Azərbaycan və Gürcüstan 104 ildir
müstəqillik yolunda irəliləyir və inkişaf edir.
“Hər
iki dövlət 1991-ci ildə müstəqilliklərini yenidən bərpa ediblər.
Azərbaycan və Gürcüstanı dostluq və qardaşlıq münasibətləri
bağlayır. Biz starteji tərəfdaşıq. Ölkələrimiz arasında əsas təməl
sənədlər 1996-cı ildə ulu öndər Heydər Əliyevin Gürcüstana ilk
rəsmi səfəri zamanı imzalanıb. Həmin dövrdən münasibətlərimiz
strateji müttəfiqlik səviyyəsinə yüksəlməyə
başlayıb”.
F.Quliyev deyib ki, hər iki ölkəni nəhəng layihələr də birləşdirir:
“Regional və dünya miqyasında əhəmiyyətli layihələrin
reallaşdırılmasına o zaman hegemon dövlətlər manelər törədirdilər.
Lakin ulu öndərlər - Heydər Əliyev və Eduard Şevardnadzenin
uzaqgörən siyasətləri və güclü iradələri sayəsində layihələrin
həyata keçirilməinə nail olundu. Dövlətlərimiz və xalqlarımız
layihələrin bəhrəsini görür, regionda baş verən hadisələr fonunda
onların vacibliyi daha da artıb”.
Müstəqillik yolunda Azərbaycan və Gürcüstanın oxşar talelər
yaşadığını qeyd edən diplomat bu gün hər iki ölkə arasında sıx
əlaqələrin və müttəfiqlik münasibətlərinin olduğu deyib:
“Bütün sahələrdə əlaqələrimizin inkişafına
irəliləyişlər var. Əminik ki, müstəqilliklərimiz əbədi və
sarsılmazdır. Gürcüstana sülh, inkişaf və firavanlıq
arzulayırıq”.
Səfir çıxışında 44 günlük Vətən müharibəsinə də toxunub. O bildirib
ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında işğal
altında olan torpaqları heç bir dövlətin müdaxiləsi olmadan,
Türkiyənin mənəvi və siyasi dəstəyi ilə azad edib:
“Biz
şəhidlərimizi rəhmətlə anırıq, qazilərimizə şəfa diləyirik.
Müharibədə Gürcüstan əsilli 21 nəfər şəhidlik zirvəsinə ucalıb.
Onların xatirəsini ehtiramla anırıq, valideynlərinə bu cür qəhrəman
övladlar yetişdirdiyinə görə minnətdarıq. Əminəm ki, Gürcüstan da
ərazi bütövlüyünün bərpasına nail olacaq”.
Tədbirin təşkilatçısı Gürcüstan Azərbaycanlıları Konqresinin sədri
Hüseyn Yusubov, Marneuli meri Kənan Ömərov və digərləri də çıxış
edərək hər iki ölkənin müstəqillik tarixinə nəzər salıblar, milli
bayramlar münasibətilə təbriklərini çatdırıblar, Gürcüstanın da
işğal altında olan torpaqlarını tezliklə geri qaytaracağına
ümidvarlıq ifadə ediblər.
Bayram mərasimində Gürcüstan və Azərbaycanın dövlət himnləri
səsləndirilib, kollecin şagirdləri şeir və mahnılarla çıxış
ediblər.
Mənbə: report.az