Bu gün Gürcüstan Müstəqillik Gününü qeyd edir
Bu gün Gürcüstanda Müstəqillik Günü qeyd edilir.

104 il öncə - 1918-ci ilin mayın 26-da Milli Şuranın qərarı ilə Gürcüstan müstəqil respublika elan olunub.

Noe Jordaniyanın başçılıq etdiyi ilk demokratik respublika sovet işğalınadək - iki il yarım mövcud olub. Bu dövrdə Gürcüstanın müstəqilliyi aparıcı Avropa ölkələri tərəfindən tanınıb.

Gürcüstan dövlət müstəqilliyini 70 ildən sonra - 1991-ci ilin aprelin 9-da bərpa edib.

Gürcüstanın dövlət bayramına həsr olunan əsas tədbirlər Tbilisidə Azadlıq meydanı və mərkəzi Rustaveli prospektində təşkil olunacaq. Mərasimin rəsmi hissəsində Gürcüstanın rəsmi şəxsləri və diplomatik korpusun nümayədələri iştirak edəcəklər.

Tədbirlər çərçivəsində hərbi texnika sərgilənəcək, hərbi xidmətə çağırılanların təntənəli andiçmə mərasimi olacaq. Yerli vaxtla saat 17:10-da bütün ölkə üzrə dövlət himni səsləndiriləcək. Bundan sonra hərbi təyyarə və helikopterlər Tbilisi səmasında Gürcüstan və Avropa İttifaqının bayraqları ilə uçuşlar edəcəklər. Bayram gününə Respublika meydanında qala-konsertlə yekun vurulacaq.

Dövlət bayramı Gürcüstanın bölgələrində də müxtəlif idman, əyləncəli və maarifləndirici tədbirlərlə qeyd olunacaq.

Mənbə: BM
Print