Bolnisi Rayon Məhkəməsi Marneuli bələdiyyə büdcəsindən yerli
yeparxiyanın maliyyələşdirilməsini etibarsız və diskriminasiya
hesab edib.
Bu barədə Sosial Ədalət Mərkəzinin rəhbəri Tamta Mikeladze
“Facebook”da məlumat yayımlayıb. Söhbət 2019-cu ildə başlanmış
mübahisədən gedir. Şikayətçilər Marneulili mülki fəal Samirə
Bayramova və "Bütün Gürcüstan Müsəlmanlarının Ali Dini İdarəsinin"
sədri, şeyx Mirtağı Əsədovdur. Sosial Ədalət Mərkəzinin hüquqşünası
və bu məsələdə vəkil Tatia Kaçarava "Marneuli" radiosuna bildirdi
ki, Bələdiyyə Məclisi normasının bələdiyyədəki bütün dinlərin
nümayəndələrinin, onların fəaliyyətinin inkişaf etdirilməsi üçün
pul ayrılmasını nəzərdə tutmasına baxmayaraq, bələdiyyə bütün pulu
Marneuli və Hucabi yeparxiyasına verəcəkdi.
"Biz Marneuli Bələdiyyə Məclisinin dini fəaliyyət üçün
ayrılmış pulun 100%-nin yalnız bir konfessiyaya verilməsi ilə bağlı
normasını şikayət etmişdik. Bələdiyyənin illər ərzində belə
təcrübəsi var. Hər il Bələdiyyə Məclisinin sərəncamı formasında
yeni protokol tərtib olunur. Həmin protokol hər ilin büdcəsini
təsdiq edir. 2018-ci, 2019, 2020 və 2022-ci ildə də belə edildi.
Şikayətin olmasına baxmayaraq, bu məsələyə münasibət dəyişmirdi.
Hər il tam məbləğ eyni şəkildə Hucabi yeparxiyasına verilir. 2019,
2021 və 2022-ci ilin göstəricilərinə görə, bu məbləğ 400 000 lari
təşkil edib. Biz deyirdik ki, bu birbaşa dini mənsubiyyətə görə
ayrı-seçkilikdir. Bu qərarın heç bir açıqlaması yox idi.
Ümumiyyətlə, dini mənsubiyyətə görə ayrı-seçkilik çox ciddi
məsələdir. Bunun birmənalı ayrı-seçkilik olduğu aşkardır. Onlar
bizim ölkədə pravoslav konfessiyasının xüsusi rolundan danışırlar.
Bu mübahisəli deyil, biz buna görə mübahisə etmirik. Onlar başa
düşmürlər ki, bu xüsusi rol bizim dövlətə milli idarəetmə
prinsipini pozmağa və yalnız bir konfessiyaya dini dəstək göstərmək
hüququ vermir", – Sosial Ədalət Mərkəzinin
hüquqşünası Tatia Kaçarava bildirdi.
Vəkil hesab edir ki, qeyd olunan qərar yalnız müsəlman icması üçün
deyil, həm də bələdiyyədə çox sayda olan başqa konfessiya
nümayəndələri üçün də çox mühümdür. “Marneuli” radiosu məsələ ilə
bağlı yerli bələdiyyədən məlumat alıb. Meriyadan bildirdilər ki,
məhkəmənin qərarı ilə razılaşmağı düşünmürlər və növbəti
instansiyalara şikayət edəcəklər.