"Mənzildə qalın, ancaq eyvana çıxmayın" – eyvanları uçmuş binanın sakinlərinə meriyanın cavabı
Bu gün,1 iyul tarixində Marneuli şəhəri, Nərimanov 1 ünvanında yerləşən binanın sakinləri meriya ərazisində etiraz aksiyası keçiriblər. Söhbət 26 iyunda iki eyvanı uçmuş binaın sakinlərindən gedir. Hadisə nəticəsində iki nəfər dünyasını dəyişmişdi. Yerli sakinlərin sözlərinə görə, onlar bədbəxt hadisədən sonra daim qorxu içində yaşayırlar. Çünki binanın zirzəmisi demək olar çirkabdır və binanın dam örtüyü də yaxşı deyil.

Onların sözlərinə görə, yağış yağan zaman mənzillərə su damır və onlar ölçü götürülməsi üçün meriyada, media qarşısında görüş tələb edirdilər. Ancaq görüş jurnalistlər üçün qapalı şəraitdə keçirilib. Aksiya iştirakçılarının görüşdən sonra "Marneuli" radiosuna bildirdiyinə görə, onlara yaxın gələcəkdə hakimiyyət tərəfindən ölçülər götürüləcəyi ilə bağlı vəd veriblər. Ona qədər isə əhaliyə xəbərdarlıq ediblər ki, binanın eyvanlarından istifadə etməsinlər.


Qeyd olunan binanın eyvanları uçmuş iki girişində yaşyan sakinlər müvəqqəti olaraq mehmanxanada və ya yaxınlarının yanında yaşayırlar. Çoxmərtəbəli binanın digər girişlərində yaşayan ailələr evlərini tərk etməkdən imtina ediblər və ekspertizadan sonra nəticələrin çıxmasını gözləyirlər.

Qeyd edək ki, 26 iyun tarixində Marneulidə baş vermiş bədbəxt hadisədən sonra meriyaya müraciətlərin sayı artıb. Vətəndaşlar yaşayış binalarına baxış keçirilməsini tələb edirlər. Marneuli merinin müavini Roin Dekanoidze 29 iyunda "Marneuli" radiosuna bildirmişdi ki, şəhərdə binalardan birində eyvanlar uçduqdan sonra vətəndaşlar özünüidarəyə binalara baxış keçirməsi üçün ərizə ilə müraciət edirlər. Dekanoidzenin sözlərinə görə, məsələni hərtərəfli şəkildə araşdıracaqlar, işə ixtisaslı ekspertlər və ya ekspert qrupu qoşulacaq. Bələdiyyənin bu araşdırmaya nə qədər vəsait ayıracağı hələ məlum deyil.


"Marneuli" Radiosu
Print