26 iyun tarixində, Marneulidə, Nərimanov küçəsində baş vermiş
bədbəxt hadisədən sonra çoxmərtəbəli binanın sakinlərinin bir qismi
qorxu içində yaşamağa davam edir.
Eyvanları uçmuş girişdə yaşayan ailələrin isə bəziləri “Qafqaz”
mehmanxanasına, bəziləri də yaxınlarının evlərinə sığınıblar.
Bədbəxt hadisə baş vermiş ərazi təhlükəsizlik lenti ilə dairəyə
alınıb və faciə baş verən gündən ərazidə polis keşik çəkir. Əhaliyə
təhlükəsizlik məqsədi
ilə binaya daxil olmağa qadağa qoyublar.
Binanın digər girişində yaşayan ailələr “Marneuli” radiosuna
bildirdilər ki, eyvanlardan istifadə etməyə çəkinirlər və meriyadan
binanın təhlükəsizliyi ilə bağlı cavab gözləyirlər. Mimoza Kartozia
illərdir, Nərimanov 1 ünvanında yaşayır. O, bizimlə söhbəti zamanı
bildirdi ki, eyvanlardan əlavə binanın zirzəmisi də təhlükə
saçır.
“Bina qəzalı vəziyyətdədir. Zirzəmi su ilə dolub. Nə
zaman nəyin baş verəcəyini bilmirik. Qorxudan eyvana da çıxa
bilmirik. Mən 4-cü mərtəbədə yaşayıram. Rütubəti hiss etmirəm.
Zirzəmi su ilə doludur. Neçə dəfə gəldilər, zirzəmilərə də
baxdılar. İndi nə edirlər, bilmirəm, getməmişik. Eyvana çıxmayın,
təhlükəlidir – dedilər. Biz sonuncu girişdəyik, dedilər, orada
təhlükə azdır”, – Mimoza Kartozia bildirdi.
Eyvanları uçmuş giriş artıq 12 gündür boşaldılıb və ailələr
“Qafqaz” mehmanxanasında yaşayır. Onlar qeyd edirlər ki, evlərinə
qayıdacaqlarına vəd versələr də, vəziyyət hələ
aydınlaşdırılmayıb.
Nərimanov 1 ünvanında yaşayan sakinlərin öz evinə nə zaman
qayıdacağı barədə Marneuli meriyasının İctimaiyyətlə Əlaqələr
Şöbəsindən bildirdilər ki, binanın dam örtüyü və eyvanları bərpa
olunacaq, bundan sonra ailələrə qayıdacaqları vaxtı
bildirəcəklər.
“Kommunal xidmət zirzəmiləri təmizlədi. Meriya paralel
rejimdə layihənin alınması barədə araşdırma apardı və bundan sonra
layihə üzərində işlərə başlanılacaq. Dam örtüyünün tam bərpa
edilməsi, damdakı çənlərin sökülməsi, eyvanların bərkidilməsi və
bərpa işləri nəzərdə tutulur. Layihə artıq alınıb, tender elan
olunacaq. Araşdırma xidmətinin nəticəsini gözləyirik, onların
cavabından sonra əhali köçürüləcək. Bina qəzalı vəziyyətdə deyil,
yalnız eyvanlar təhlükəlidir və əhaliyə bununla bağlı xəbərdarlıq
etmişik. Əgər ehtiyac yaranarsa, bina da yenilənəcək. Amma bina
qəzalı vəziyyətdə deyil”, – PR xidmətindən
bildirdilər.
26 iyunda Marneuli şəhərində yaşayış binasının iki eyvanının uçması
nəticəsində iki nəfər dünyasını dəyişib və üç nəfər xəsarət
alıb.