Yeni salınmış və artıq sıradan çıxmış Marneuli-Lomtaqora-Algeti yolunu yenidən təmir edəcəklər – Yol Departamenti
Hələ də çəkilməkdə olan Marneuli-Lomtaqora-Alqeti avtomobil yolunun asfalt qatı artıq sıradan çıxıb. “Marneuli” radiosu bu məsələ ilə bağlı 10 gün əvvəl material hazırlamışdı. Həmin yoldan istifadə edən sürücülər bizimlə söhbətləri zamanı bildirmişdilər ki, tikintinin başlaması onlar üçün sevindirici olub. Ancaq hələ təmiri başa çatmamış asfalt qatının sıradan çıxması problemi yenə yaranıb. Məsələ ilə bağlı indiyə qədər bir neçə dəfə Avtomobil Yolları Departamenti ilə əlaqə yaratmağa çalışdıq.

Bu gün isə “Facebook” səhifələrinə yazdıq və cavab olaraq bildirdilər ki, Marneuli-Lomtaqora-Algeti avtomobil yolunun qeyd olunan hissəsində baş vermiş vəziyyət haqqında məlumatları var və təmir üçün səlahiyyətli şirkətə artıq tapşırıq verilib.

“Səlahiyyətli şirkətə tapşırıq verilib, onlar qısa müddətdə bunu aradan qaldırmalıdırlar. Qeyd edək ki, bu çatışmazlıqlar avtomobil yolunun aşağı qatında qeydə alınıb. Təəssüf ki, bu iş prosesində tez-tez baş verən hallardır. Sonradan mütləq düzəldilir. Müqaviləyə görə, işin başa çatma müddəti cari ilin 31 avqust tarixidir”,
– Departamentdən bildirdilər.

Marneuli-Lomtaqora-Algeti avtomobil yolu 15 kilometr uzunluğundadır və beynəlxalq əhəmiyyətli Tbilisi-Qırmızı Körpü avtomagistaralına birləşir. Həmin yol vasitəsi ilə Marneulidən Rustaviyə qısa müddətdə getmək mümkündür. Yolun layihəsi mərkəzi büdcədən maliyyələşdirilir və onun dəyəri 12,6 milyon laridir. Yolun təmir işləri 31 avqust 2022-ci il tarixinədək başa çatmalıdır.

Print Email
FaceBook Twitter Google