24 sentyabr tarixində saat 14:00-da Marneulidə “Həmrəylik Turu”
layihəsi çərçivəsində görüş keçiriləcək. Görüş Mülki Məşğulluq
Mərkəzində baş tutacaq.
Layihə “Salam Platforması”, “Həmrəylik İcması” və “Demokratik
Dəyişikliklər Naminə Gənclik” qeyri-hökumət təşkilatlarının birgə
təşkilatçılığı ilə həyata keçirilir.
“Həmrəylik Turu”nun ideyası etnik və dini azlıqların səsinin ən az
eşidildiyi bölgələrdə onların səsinin gücləndirilməsidir. Layihənin
koordinatoru Benyamin Qasımoğlu “Marneuli” radiosu ilə söhbəti
zamanı bildirdi ki, bu turun məqsədi dominant qrup ilə etnik və
dini qruplar arasında körpülər yaratmaq və əlaqələri
gücləndirməkdir.
“Biz 8 bələdiyyəyə gedirik – Mestia, Zuqdidi, Kutaisi,
Telavi, Xulo, Batumi, Marneuli və Axalkalaki. Bu layihədə Gürcüstan
azərbaycanlıları, Gürcüstan erməniləri və gürcü müsəlmanları digər
regionlara gedərək, öz problemləri haqda danışırlar. Məsələn: etnik
və dini azlıqlar haqda Gürcüstanın digər bölgələrdə nə düşünürlər
və onlar haqda məlumatları varmı? Bizim hansı problemlərimiz var,
dövlət bizimlə maraqlanırmı. Görüşlərdə biz Azərbaycanlılar öz
problemlərmizdən danışırıq. Gürcü müsəlmanlar və ermənilər də öz
problemlərindən danışırlar. 8 bələdiyyədə görüşlərimiz sona
çatdıqdan sonra noyabrda Marneulidə yekun görüşümüz olacaq. 8
bələdiyyədən iki nəfər nümayəndə Marneuliyə gələcək və Marneulinin
kəndlərinə gedəcəyik. Orada yaşayan fərqli etnik və dini qrupların
yaşadığı kəndləri gəzəcəyik. Marneulidə azərbaycanlılar, ermənilər
və gürcülər yaşayırlar. Etnik və dini azlıqların yaşadığı
bölgələrdə vəziyyət necədir. Onlara danışdığımız problemləri
yerində göstərəcəyik. İki günlük görüş olacaq. Bir gün kəndləri
gəzəcəyik, bir gün də konfrans olacaq”.
Qeyd edək ki, layihə Niderlandın Gürcüstandakı səfirliyinin dəstəyi
ilə həyata keçirilir.