Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli
Kobaxidze Ukraynanın bu ölkədəki müvəqqəti işlər vəkili Andrey
Kasyanovun bəyanatına cavab verib.
Kobaxidze Kasyanovun açıqlamasının spekulyativ olduğunu və
Gürcüstanın artıq bu cür bəyanatlara öyrəşdiyini qeyd edib:
“Kasyanov o halda ukraynalıları Gürcüstandan təxliyə
etməli olardı ki, biz Ukraynaya “BUK”ları göndərək. Bu, Gürcüstanın
hərbi münaqişədə birbaşa iştirakı olardı. Kasyanov bizi müharibəyə
qoşulmağa çağırdı, bu halda biz yalnız ukraynalıları deyil, həm də
gürcüləri Gürcüstandan təxliyə etməli
olardıq”.
Kobaxidze əlavə edib ki, Gürcüstanla Rusiya arasında birbaşa
uçuşların bərpa edilməsinin rusiyalıların axını ilə heç bir əlaqəsi
yoxdur. Vurğulayıb ki, iki ölkə arasında birbaşa uçuşların
dayandırılması Rusiya tərəfindən qəbul edilmiş birtərəfli qərardır,
bu səbəbdən uçuşların bərpası da birtərəfli qərar olacaq.
“Mən yalnız onu deyə bilərəm ki, belə bir qərar (birbaşa uçuşların
bərpası – red.) Rusiya Federasiyasında yaşayan milyonlarla
gürcüstanlının xeyrinə olacaq”, - deyə Kobaxidze
bildirib.
Qeyd edək ki, Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili
Andrey Kasyanov Ukrayna mətbuatına açıqlamasında bildirib ki,
Ukrayna səfirliyi Gürcüstan və Rusiya arasında birbaşa uçuşlar
bərpa edilərsə, Gürcüstandakı ukraynalıları təxliyəsi üçün
beynəlxalq tərəfdaşlara və təşkilatlara müraciət edə bilər.