Qaraçöp icmasında uşaq bağçası tikilə bilər
Saqareco rayonunun Ləmbəli kəndində uşaq bağçası tikilə bilər. Bununla bağlı dekabr ayında yerli sakinlər Saqareco bələdiyyəsinə 550 imzadan ibarət olan petisiya ilə müraciət ediblər. Mülki fəal Tozu Gülməmmədova “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, Qaraçöp icmasında 9 kənd var və yalnız bir kənddə uşaq bağçası fəaliyyət göstərir. Həmin uşaq bağçasına isə 27 uşaq qəbul edilir.

“Bələdiyyənin əhalisinin üçdə biri bizim 9 kənddə yaşayır. Uşaqlarımız tamamilə bağçadan kənarda qalıb. Dekabr ayında 550 imza ilə meriyaya petisiya daxil etdik. Təqdim etdiyimiz petisiyada Ləmbəli kəndində uşaq bağçasının tikilməsini tələb edirdik. Bizim meriyaya daxil etdiyimiz müraciət bu gün Bələdiyyə Məclisi tərəfindən müzakirə olundu və dəstəkləndi. Tələbimiz meriyaya göndəriləcək və son olaraq qərarı meriya verəcək. Bizə Bələdiyyə Məclisindən bildirdilər ki, bu il ərzində 90 faiz Ləmbəli kəndində uşaq bağçası tikiləcək”.

Ləmbəli kəndi Qaraçöp icmasında ən böyük kəndlərdən biridir. Mülki fəalın sözlərinə görə, həmin kənd bağçasız qalıb.

“Ümumilikdə Saqareco bələdiyyəsində 29 bağça tikilib. Sadəcə o bağçalardan biri bizim kənddədir. Qaraçöp icmasındadır. Həmin bağçaya isə 27 uşaq qəbul olunur. Sadəcə 9 kəndin birində bağça var. O da Düzəyrəmdədir. Biz indi Ləmbəlidə tikilməsini istəyirik. Çünki SOCAR tərəfindən Keşəlidə bağça tikilməsi ehtimalı var. Əgər Keşəlidə tikiləsi olsa belə, Ləmbəlinin uşaqlarına yetməyəcək. Ləmbəlini ona görə seçdik ki, iki Ləmbəli var. Yəni Yuxarı və Aşağı Ləmbəli kəndlərinin uşaqları ilə yanaşı Tüllər kəndinin uşaqları da bağçaya gedə bilsinlər”.

Tozu Gülməmmədovanın sözlərinə görə, Qaraçöp əhalisi ilk dəfədir ki, meriyaya petisiya ilə müraciət edir. O, düşünür ki, bu çox yaxşı bir tendensiyadır. Gülməmmədovanın dediyinə görə, indi onları narahat edən kənddə gedən körpüdür. Həmin körpünün bərpası ilə bağlı müraciət etməyi də düşünürlər. Bundan başqa içməli su və digər problemlərlə bağlı da meriyaya müraciət etməyi planlaşdırırlar.


Print Email
FaceBook Twitter Google