“Marneulinin gənc ideyalar” müsabiqəsinə 31 yanvara qədər layihə təqdim etmək mümkündür
“Marneulinin gənc ideyalar” müsabiqəsinə layihələrin qəbulu yenidən davam edir. Təşkilatın feysbuk səhifəsində yayımlanmış məlumata görə, 31 yanvara qədər müsabiqə üçün müraciətlərin qəbulu mümkündür.

“Gənclərin və ya yerli icmanın inkişafına təsir göstərəcək problemlərin həllində öz töhfənizi vermək istəyirsinizmi? Sizin və ətrafınızdakıların fəal olmasına səbəb olacaq, yerli problemlərin həllinə cəhd göstərəcək yaxşı ideyanız var? Əgər varsa, o zaman öz ideyanızı həyata keçirmək üçün “Gənc ideyalar”-a, maksimum 960 lari dəyərində qrant üçün müraciət edə bilərsiniz !” – layihə ilə bağlı məlumatda qeyd olunub.

“Marneuli gənc ideyalar” qrant müsabiqəsi elan olunana qədər araşdırma aparıb və araşdırmaya əsasən, üç prioritet məsələ müəyyən olunub.

Həmin məsələlər bunlardır:
  • Təhsilin keyfiyyəti
  • Gender bərabərliyi
  • Qısnama
Məhz qeyd olunan mövzularla bağlı Marneuli gəncləri layihə təkliflərini göndərə bilərlər.

Qrant müsabiqəsində 15 yaşdan 24 yaşa qədər Marneulili gənclər iştirak edə bilərlər. Layihə çərçivəsində əməkhaqqı, qonorar, ekskursiya maliyyələşdirilmir.

"Marneuli" Radiosu
Print