Gürcüstanın hakim partiyası martın birinci ongünlüyündə hökuməti
geri çəkilməyə vadar edən etirazlara görə “100 milyon dollarlıq
büdcədən maliyyələşən anarxist və satanistləri” ittiham edir.
Bu, “klassik liberal/libertarian dəyərlərini təbliğ edən” Franklin
Klubunun üzvü olan yeniyetmələr və onların valideynləri üçün
sürpriz olub. Franklin Klubu Gürcüstan Universitetində mühazirə və
seminarlar təşkil edir.
Martın 7-dən 9-dək on minlərlə vətəndaşın Tbilisi küçələrinə
çıxaraq parlamentdən qalmaqallı “xarici agent” qanununun
müzakirəsini dayandırmağı tələb etməsindən sonra klub hakim “Gürcü
Arzusu” partiyasının hədəfinə çevrilib.
Sözügedən qanun maliyyəsinin 20%-dən artığını xarici mənbələrdən
alan media və qeyri-hökumət qurumlarının “xarici təsir agentləri”
kimi qeydiyyatdan keçməsini tələb edirdi.
Tənqidçilər Rusiyada qəbul olunan analoji qanun kimi bu qanunun da
milyarder və keçmiş baş nazir Bidzina İvanişvili və onun “Gürcü
Arzusu” partiyasındakı müttəfiqlərinin media və QHT-lər üzərində
nəzarəti ələ keçirməsinə imkan yaradacağını deyirlər. Onların
fikrincə, bu, Gürcüstanın Avropa İttifaqına (Aİ) üzvlük şanslarına
zərər vura bilər. Ötən ilin iyununda Aİ Gürcüstanın daha çox
islahatlara ehtiyacı olduğunu səbəb gətirərək ona namizədlik
statusu verməməyi qərara alıb.
Baş nazirin dedikləri
Kütləvi etirazlarla qarşılaşan Gürcüstan hökuməti nümayişçilərə
qarşı zorakılıq tətbiq etsə də, martın 10-da ziddiyyətli qanun
layihəsindən imtina etməyə məcbur oldu. Bu həm də Z nəsli və ya
zumerlər kimi tanınan yeni Gürcüstan gəncliyinin rolu sayəsində
mümkün oldu. Onlar ölkələrinin qərbyönlü trayektoriyada qalmasında
maraqlıdırlar.
Nümayişçilərin evlərinə getməsindən sonra, martın 12-də Baş nazir
İrakli Qaribaşvili hökumətyönlü İmedi telekanalına deyib ki,
ekstremistlər ölkədə sabitliyi pozmağa çalışırdılar. O, Franklin
Klubunu (və təkcə onları deyil) “anarxist qrup” adlandırıb.
"Onların birbaşa vəzifəsi xüsusi qüvvələr, polislə qarşıdurmaya
girmək, onları Molotov kokteylləri ilə təxribata çəkmək idi.
[Onlar] satanist uniforması geyinmişdilər. Mən onların üzlərini
göstərmək istəmirəm, ancaq burada baş verənlər
qorxuncdur”, – Qaribaşvili deyib.
İki gün sonra “Gürcü arzusu” partiyasının sədri İrakli Kobaxidze də
mart yürüşlərinə "ekstremist gənc siyasi qrupların çıxdığını”
deyib. Martın 14-də Tbilisidə mətbuat konfransında danışan
Kobaxidze “xarici təsir agentləri” qismində adını çəkdiyi həmin
qruplar arasında ABŞ-nin “Atlas Network” şəbəkəsindən maliyyə alan
Franklin Klubunun da olduğunu deyib.
Çavçavadzenin müdafiə etdiyi dəyərlər...
Franklin Klubunun təsisçilərindən biri Rezi Topuria
AzadlıqRadiosu-nun gürcü xidmətinə deyib ki, təşkilata qarşı
qarayaxma artıq 2022-ci ilin noyabrında mediaya çıxmağa başlayıb. O
deyib ki, “Asaval Dasavali” adlı bulvar qəzeti klubu “Mason lojası”
adlandırıb. Onun sözlərinə görə, bundan sonra hökumətyönlü “İmedi”
telekanalı qrupun 100 milyon dollarlıq büdcəyə malik olduğunu iddia
edib.
"Bizim milyonlarla dollarlıq maliyyəmizin olmadığı və
anarxo-satanist qrup olmadığımız aydındır”, – Topuria
gülərək deyir.
Topuria il yarım bundan öncə təsis edilmiş Franklin Klubunun
azadlıq və digər klassik liberal dəyərlərin təbliği məqsədilə
yaradıldığını söyləyir.
"Qısaca, Amerikada Bencamin
Franklinin, Gürcüstanda isə İlya Çavçavadzenin müdafiə etdiyi
dəyərləri”, – Topuria vurğulayıb. Çavçavadze XIX
əsrdə Gürcüstanın milli dirçəlişinə töhfə verən şair və
yazıçıdır.
Franklin Klubu öz mesajlarıını yaymaq məqsədilə 10, 11 və 12-ci
sinif şagirdləri üçün azadlıq, iqtisadiyyat, fundamental hüquqlar
və s. mövzularda mühazirə və seminarlar təşkil edir. Görüşlər
Franklin Klubuna sponsorluq edən Gürcüstan Universitetinin təqdim
etdiyi auditoriyada keçirilir.
Franklin Klubunun ilk mühazirəsinə 30 tələbə gəlmişdisə, bu gün
klub tədbirlərinə gəlmək istəyən vətəndaşların sayı o qədər çoxdur
ki, hamıya yer çatmır. Topurianın sözlərinə görə, hazırda klubun 2
minədək gənc üzvü var.
Ümumi büdcənin “10-15 faizə qədəri”
Franklin Klubu Gürcüstanda hakim partiyanın narahat olduğu tək şey
deyil. 150 üzvü olan parlamentin bəzi deputatları məclisdə antiqərb
ədəbiyyatının paylandığı haqda danışıblar. Kitablardan birinin adı
“Lüsiferi ifşa etmək” adlanır. Onun üz qabığında qırmızı, şeytan
üzlü Azadlıq heykəli təsvir olunub.
Klubun maliyyələşməsinə gəlincə, Topuria “Atlas Network”dən iki
qrant aldıqlarını deyir. “Atlas Network”ün saytında onun “fərdi
azadlıqları təbliğ edən və insan inkişafı qarşısındakı maneələri
müəyyənləşdirib aradan qaldıran müstəqil tərəfdaş təşkilatlarla”
işləməklə “dünyada rifahı artırmaq” məqsədi daşıdığı yazılıb.
Topurianın sözlərinə görə, bu qurumdan alınan qrantların ümumi
məbləği Franklin Klubunun büdcəsinin "10-15 faizə qədərini” təşkil
edir.
“Gürcü arzusu” partiyasının sədri Kobaxidze Franklin Klubunu
dəstəklədikləri üçün Gürcüstan Universiteti və Tbilisidəki başqa
bir özəl universiteti – Azad Universiteti də hədəfə alıb. O,
sadəlövh gürcü gənclərinin siyasi aktivizmə cəlb edilməsindən
gileylənib.
Gürcüstan Universitetinin rektoru Koka Tofuria deyib ki, hökumət
sadəcə, “universitet və onun tələbələrini gözdən salmaq”
istəyir.
Valideynlər sosial mediada kampaniyaya başlayıb
Franklin Klubunun seminar və dərslərinə gedən uşaqların
valideynləri sosial media kampaniyasına başlayaraq onun zərərli
qrup olması anlayışını məsxərəyə qoyublar.
"Bu mənim 15 yaşlı oğlumdur, Franklin Klubunun məzunu və ...
ölkənin baş nazirinin dediyinə görə anarxist və
satanistdir”, – Keti Bojqua adlı ana “Facebook”da
oğlu Laşanın əlində sertifikat olan şəklini paylaşaraq yazıb.
Giorgi Saitidze daha bir franklinçidir (klub üzvləri zarafatyana
özlərini belə adlandırırlar). O, klubda dostları ilə birlikdə
düşünməyi, təhlil etməyi və sual verməyi öyrəndiklərini yazıb.
"Biz qeyri-formal təhsil alırıq. Buraya bizim məktəbdə heç yaxınına
getmədiyimiz bütün mövzular da daxildir”, – o
deyir.
Topuria deyir ki, etirazlar hələ də bir çox siyasətçilərin Moskvaya
tərəf baxdığı mühafizəkar ölkədə gənc gürcülərin gücünü
göstərdi.
"Onlar heç nədən qorxmayan, beyni qapalı olmayan, ən əsası isə
onlara rəhbərlik etmək üçün məsihə ehtiyacları olmayan Z nəslinin
gücünü əməldə gördülər”, – o deyir.