Gürcüstan Baş naziri İrakli Qaribaşvili ABŞ Dövlət Departamentinin
növbəti hesabatının böyük hissəsinin yalan informasiyalara
əsaslandığını və hökumət üçün maraqlı olmadığını bəyan edib.
İrakli Qaribaşvili qısa şəkildə hesabatın əsas hissələri ilə tanış
olduğunu, sənədin bəzi “elitar QHT-lər”-in təqdim etdiyi əsasən
qeyri-obyektiv, qərəzli, subyektiv və ədalətsiz rəylərə
əsaslandığını bildirib.
Baş nazir qeyd edib ki, hesabatda sadalananlar həqiqəti əks
etdirmir və buna görə də hesabat hökumət üçün maraqlı deyil:
“Dövlət Departamentinin öncəki hakimiyyətlə bağlı
tənqidi hesabatını xatırlamıram. Həmin hakimiyyət dövründə sistemli
korrupsiya, işgəncə, zorlama, qətl, biznesin ələ keçirilməsi
halları olub, KİV azadlığı isə olmayıb. Gürcüstanda yüzlərlə QHT
fəaliyyət göstərir, qeyri-dəqiq informasiya yayırlar. Ancaq buna
baxmayaraq, bu gün QHT-lər, KİV-lər tam azad şəkildə fəaliyyət
göstərir. Bu, demokratiyanın bir hissəsidir. Biz onların qarşısında
bu həqiqəti ortaya qoyuruq”.
Qeyd edək ki, dünən ABŞ Dövlət Departamentinin 198 ölkədə insan
hüquqları ilə bağlı hesabatı yayılıb. Hesabatda Gürcüstana 57
səhifə həsr olunub. Hesabatda iddia olunub ki, hökumət insan
hüquqlarının pozulması hallarına qarşı tədbirlər görsə də, ölkədə
cəzasızlıq problem olaraq qalır. Sənəddə həbsdə olan Gürcüstanın
sabiq Prezidenti Mixeil Saakaşvilinin durumuna da diqqət
çəkilib.