Gürcüstan Baş naziri Marneulidə Novruz şənliyinə qatılıb, azərbaycanlıları təbrik edib
Marneuli rayonunda Novruz bayramı şənliyi keçirilib.
Bayram tədbirində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili də
iştirak edib.
Hökumət başçısı etno guşənin, əl işlərinin sərgisinin təşkil
edildiyi məkana da baş çəkib. Daha sonra Azərbaycanın Gürcüstandakı
səfiri Faiq Quliyev və Türkiyənin Gürcüstandakı səfiri Ali Kaan
Orbay ilə birlikdə Novruz tonqalı alovlandırılıb.
Baş nazir İrakli Qaribaşvili Gürcüstan azərbaycanlılarını Novruz
bayramı münasibətilə təbrik edib:
"Əziz etnik azərbaycanlı həmvətənlərimizi,
qardaşlarımızı, qardaş Azərbaycan və Türkiyəni, dünyanın hər
yerində Novruz bayramını qeyd edənləri təbrik edirəm. Bu gün
münasibətilə vətəndaşlarımıza əmin-amanlıq, firavanlıq,
ruzi-bərəkət, xalqımıza daha çox sevinc, sabitlik və firavanlıq
arzulayıram. Mən azərbaycanlı həmvətənlərimizə, zəhmətkeş və ziyalı
insanlara böyük hörmət və məhəbbətimi ifadə etmək istəyirəm və bir
daha qeyd etmək istəyirəm ki, bu gün sülh, firavanlıq, sevinc
günüdür. Xalqımızın bu gün birliyə və bərabərliyə ehtiyacı
var”.