Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Prezidenti Salome
Zurabişviliyə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Hörmətli xanım Prezident,
26 May – Müstəqillik Günü münasibətilə Sizi və dost Gürcüstan
xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir,
ən xoş arzularımı yetirirəm.
Əsrlər boyu dostluq, mehriban qonşuluq və harmoniya şəraitində
yaşayan xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan və
Gürcüstan arasındakı münasibətlərin bugünkü səviyyəsi məmnunluq
doğurur. Qarşılıqlı dəstək və etimad, sıx əməkdaşlıq, birgə həyata
keçirdiyimiz irimiqyaslı regional layihələr strateji
tərəfdaşlığımızı və müttəfiqliyimizi şərtləndirən başlıca
amillərdəndir.
Bu gün ölkələrimizin rifahına və regionumuzun çiçəklənməsinə xidmət
edəcək qarşılıqlı faydalı əməkdaşlığımızın inkişafı və yeni
məzmunla zənginləşməsi, tərəfdaşlığımızın daha yüksək səviyyəyə
qaldırılması üçün yaxşı imkanlar vardır.
Əminəm ki, xalqlarımızın mənafelərinə uyğun olaraq birgə
səylərimizlə Azərbaycan-Gürcüstan ənənəvi dostluq münasibətlərinin
möhkəmlənməsinə, həm ikitərəfli, həm də çoxtərəfli əsasda səmərəli
qarşılıqlı fəaliyyətimizin bundan sonra da genişlənməsinə nail
olacağıq.
Belə bir əlamətdar bayramda Sizə möhkəm cansağlığı, xoşbəxtlik,
işlərinizdə uğurlar, dost Gürcüstan xalqına daim əmin-amanlıq və
firavanlıq diləyirəm".