Baş nazir İrakli Qaribaşvilinin sözlərinə görə, hökumət Tbilisidəki
Vaziani hərbi aerodromunun ərazisində yeni aeroport tikmək qərarına
gəlib.
Hökumət iclasının əvvəlində Qaribaşvili bildirib ki, Gürcüstan
regionda aviasiya mərkəzinə çevrilməlidir, lakin Tbilisinin
fəaliyyət göstərən hava limanı onların “iddialı məqsədlərinə” cavab
verə bilmir.
“Biz belə nəticəyə gəldik ki, əgər biz 20, 30, 50,
hətta 100 illik perspektivdə ölkənin qayğısına qalmaq və lazımi
infrastrukturu, yaxşı işləyən hava limanını gələcək nəsillərin
öhdəsinə buraxmaq istəyiriksə, mütləq bir hava limanı üçün yeni yer
seçmək lazımdır.
Belə bir yer, bu məqsədlə Tbilisidə belə ideal yer keçmiş aerodrom
olan Vaziani aerodromudur. Ona görə də mənim göstərişimlə son bir
neçə ayda İqtisadiyyat Nazirliyi bu istiqamətdə fəal iş aparır.
İndi bizim istəyimiz ən yaxşı dizaynerləri, inşaatçıları, memarları
bu layihəni öyrənməyə cəlb etməkdir. Gəlin əvvəlcə buranı yaxşı
öyrənək, sonra yekun qərar verək.
Söhbət bizə dəfələrlə deyildiyi kimi, faktiki olaraq mərkəzə
çevrilə bilən müasir, beynəlxalq səviyyəli yeni hava limanının
tikintisindən gedir. Bu, tranzit-logistika və müasir sərnişinlər
üçün nəzərdə tutulmuş beynəlxalq dərəcəli hava limanı
olmalıdır”, - deyə İrakli Qaribaşvili bildirib.
Baş nazirin sözlərinə görə, mövcud hava limanının genişləndirilməsi
variantı da var idi, lakin hava limanının ərazisi düzgün inkişafa
imkan vermədi.