Gürcüstan hökuməti öz sərhəd-keçid məntəqələrində üztanıma
sistemlərinin inteqrasiyasını bu ilin sonunadək tamamlayacaq.
Bu barədə məlumat Gürcüstan hökumətinin parlamentə təqdim edilmiş
illik hesabatında yer alıb.
Bildirilib ki, layihə çərçivəsində sərhəd-buraxılış məntəqələrində
lazım olan texniki vasitələrin və proqramların quraşdırılması
2023-cü ilin sonunadək başa çatdırılacaq.
Tətbiq olunacaq yeni sistem ölkəyə daxil olan, həmçinin ölkədən
çıxan şəxslərin axtarışda olmasını, deportasiya edilmiş və ya saxta
sənədlərlə səyahət etməsini müəyyənləşdirməyə imkan verəcək.
Layihə hazırda sınaq mərhələsindədir və müvafiq satınalma və
quraşdırma mərhələsinə keçiləcək.
Hesabatda qeyd edilir ki, bu sistemlər ölkənin sərhəd
təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasında mühüm rol
oynayacaq.
Mənbə: azertag.az