Biz təklif edirik ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi
gündəliyi güdən və erməni xalqından bir alət kimi istifadə edən,
onları istismar edən və dar gündə onları, necə deyərlər, satan
qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər bizdən əl
çəksinlər.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də
xalqa müraciətində söyləyib.
Cənubi Qafqazın əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar
məkanı olduğunu xatırladan dövlət başçısı bildirib:
“Yetər artıq! Biz bunu tələb edirik”.
Ermənistan dövlətinin dünən və bu gün sərgilədiyi mövqenin ümidlər
verdiyini deyən Prezident İlham Əliyev Azərbaycanın və Ermənistanın
öz aralarında olan məsələləri tənzimləyəcəyi, sülh müqaviləsi
imzalayacağı və Cənubi Qafqaz ölkələrinin üçtərəfli formatda
gələcək əməkdaşlıq haqqında işləməyə başlayacaqları günün uzaqda
olmadığına ümidvar olduğunu vurğulayıb.
Dövlət başçısı bizə xor baxanlara da xəbərdarlıq edərək deyib:
“Onu da bildirməliyəm, bizə xor baxanlar, torpağımıza
göz tikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt unutmasınlar
ki, “dəmir yumruq” yerindədir və hər zaman yerində olacaq! Heç kim
bizimlə diktat və ultimatum dili ilə danışa bilməz! Bunu heç kim
unutmasın! Onu da unutmasın ki, Qarabağ
Azərbaycandır!”.
Mənbə: trend.az