Dünən təxminən saat 13:00 radələrində antiterror tədbirlərinin
başlanması və uğurla başa çatması nəticəsində Azərbaycan öz
suverenliyini bərpa etmişdir.
Bu barədə Prezident İlham Əliyev xalqa müraciətində bildirib.
Antiterror tədbirləri nəticəsində hərbçilərimizin böyük
qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərdiklərini qeyd edən
dövlətimizin başçısı deyib:
“Ağır relyef şəraitində,
düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində
istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə,
əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim
hərbçilərimiz qəhrəmanlıq, peşəkarlıq göstərmişlər və qısa müddət
ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar
əldə etmişlər. Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz
yerləşdirilmiş və Ermənistan dövlətinin öhdəliyinə baxmayaraq, bu
günə qədər çıxarılmamış ordunun böyük hissəsi tamamilə məhv
edilmişdir. Hərbi texnika məhv edilmişdir və sıradan
çıxarılmışdır”.
Mənbə: trend.az