Sentyabrın 20-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Telefon söhbəti zamanı regiondakı vəziyyət barədə fikir mübadiləsi
aparılıb.
Şarl Mişel regionda baş vermiş hadisələrdən narahatlığını ifadə
edib.
Prezident İlham Əliyev Ermənistan silahlı qüvvələrinin Azərbaycanın
Qarabağ bölgəsindəki birləşmələrinin dünən terror aktları
törətdiklərini, nəticədə polis əməkdaşlarının və mülki şəxslərin
həlak olduğunu bildirib, buna cavab olaraq Azərbaycanın lokal
xarakterli antiterror tədbirləri görməli olduğunu qeyd edib.
Dövlət başçısı bu gün antiterror tədbirlərinin dayandırılması ilə
bağlı əldə edilmiş razılaşmaya toxunaraq, Ermənistan silahlı
qüvvələrinin bölmələrinin Qarabağdan çıxarılmasının, qanunsuz
silahlı dəstələrin silahı yerə qoymasının və tərksilah edilməsinin,
Yevlaxda keçiriləcək görüşün müsbət addım olduğunu bildirib.
Prezident İlham Əliyev qeyd edib ki, Yevlax görüşündə Azərbaycan
Respublikasının Konstitusiyası və qanunları əsasında Qarabağ
ermənilərinin hüquqları və öhdəlikləri ilə əlaqədar, o cümlədən
onların mədəni, dini, bələdiyyə və digər hüquqları ilə bağlı
məsələlər müzakirə ediləcək. Dövlətimizin başçısı bildirib ki, bunu
Azərbaycan öz daxili işləri kontekstində həyata keçirir.
Azərbaycan Prezidenti regional sülh gündəliyinin dəstəklənməsinin
əhəmiyyətinə toxunub, birtərəfli addımların atılmasının tamamilə
əks effekt yarada biləcəyini deyib. Dövlət başçısı vurğulayıb ki,
əldə edilmiş nəticələr Azərbaycan ilə Ermənistan arasında sülh
müqaviləsi üzrə danışıqların da irəli aparılmasına müsbət təsir
göstərəcək.
Avropa İttifaqı Şurasının Prezidenti antiterror tədbirlərinin
dayandırılmasını müsbət hal kimi qiymətləndirib, atəşkəs rejiminin
təmin olunacağına ümidvarlığını ifadə edib. Şarl Mişel, həmçinin
Yevlaxda keçiriləcək görüşü də müsbət dəyərləndirib.
Mənbə: apa.az