Azərbaycan Milli Məclisin Mədəniyyət komitəsinin üzvləri Gürcüstan
Parlamentinin Mədəniyyət komitəsinin sədri Eliso Bolkvadzenin
başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr
şöbəsindən məlumat verilib.
Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, Azərbaycan-Gürcüstan
parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev
Azərbaycan və Gürcüstan arasındakı tarixin dərinliklərindən gələn
dostluq, qardaşlıq və mehriban qonşuluq münasibətlərindən söz açıb,
Azərbaycanın Gürcüstanla əməkdaşlığa böyük önəm verdiyini qeyd
edib. O, iki ölkə arasında münasibətlərin yüksək səviyyədə
olmasından bəhs edərək bu kontekstdə parlamentlərarası əlaqələrin
əhəmiyyətindən danışıb.
Azərbaycanı və Gürcüstanı ortaq dəyərlərlə yanaşı, eyni
coğrafiyanın və ümumi maraqların da birləşdirdiyini deyən Arzu
Nağıyev regional sülhün və əməkdaşlığın inkişafı istiqamətdə
səylərin birləşdirilməsinin əhəmiyyətini vurğulayıb. O, Azərbaycan
Gürcüstan parlamentlərinin Mədəniyyət komitələri arasında bu gün
imzalanacaq əməkdaşlıq haqqında memorandumun əlaqələrimizin daha da
inkişafına öz töhfəsini verəcəyinə inamını bildirib.
Gürcüstan Parlamentinin Mədəniyyət komitəsinin sədri Eliso
Bolkvadze Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edərək,
ölkələrimiz arasındakı dostluq və strateji tərəfdaşlıq
münasibətlərindən danışıb. O, Cənubi Qafqazda sülh və əməkdaşlıq
üçün yaranan imkanları bütün platformalarda, o cümlədən mədəniyyət
platformalarında dəstəkləməyə hazır olduqlarını bildirib.
Sonra Milli Məclisin deputatları Cavanşir Feyziyev, Ülviyyə
Həmzəyeva, Əziz Ələkbərov, Gürcüstan parlamentinin üzvü Savalan
Mirzoev, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze qeyd
ediblər ki, ölkələrimiz arasında əlaqələrin və tərəfdaşlığın
inkişaf etdirilməsi dövlət başçılarımız, parlamentlər və digər
səviyyələrdə dəstəklənir.
Çıxışçılar ölkələrimiz və parlamentlərimiz arasında əlaqələrin daha
da inkişaf etdirilməsi, mədəniyyətlərin Cənubi Qafqazda sülhün və
əməkdaşlığın möhkəmləndirilməsinə verə biləcəyi töhfələr, bu
istiqamətdə səylərin birləşdirilməsi ilə bağlı fikirlərini
səsləndiriblər.
Görüşün sonunda Milli Məclisin Mədəniyyət komitəsinin üzvü,
Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun
rəhbəri Arzu Nağıyev və Gürcüstan Parlamentinin Mədəniyyət
komitəsinin sədri Eliso Bolkvadze “Azərbaycan Respublikası Milli
Məclisinin Mədəniyyət komitəsi ilə Gürcüstan Parlamentinin
Mədəniyyət komitəsi arasında əməkdaşlıq haqqında Memorandum”u
imzalayıblar.
Mənbə: report.az