Marneulili mülki fəal və hüquq müdafiəçisi Samirə Bayramova ictimai
nəqliyyatlarda rus dilində yazıların yazılmasının qadağan edilməsi
üçün petisiya başladıb.
O, bu barədə öz şəxsi "Facebook" səhifəsində paylaşım edib.
Bayramova qeyd edib ki, Marneulidə, Bolnisidə, Axalkalakidə,
Axaltsixedə, Telavidə və digər bölgələrdə fəaliyyət göstərən
ictimai nəqliyyatda rus dilində yazılar qadağan edilməlidir.
Petisiyanı olduğu kimi sizə təqdim edirik.
"Rusca deyil!
Gürcüstan ərazisinin 20%-i Rusiya tərəfindən işğal olunub və işğal
bu gün də davam edir. Bu gün Suxuminin süqutundan 30 il,
Rusiya-Gürcüstan müharibəsindən 15 il ötsə də, biz hələ də düşmən
dilində danışırıq, yazırıq, düşünürük. Xüsusilə regionlarda rus
romantizminin hələ də mövcud olması qəbuledilməz və utancvericidir.
Etnik azlıqlarla öz ana dilində ünsiyyət qurmaq, gürcü dilini
təbliğ etmək, onların təhsilini təkmilləşdirmək əvəzinə yenə də
düşmən dilində danışmaq məcburiyyətində qoyurlar. Marneulidə,
Bolnisidə, Axalkalakidə, Axaltsixedə, Telavidə və digər bölgələrdə
fəaliyyət göstərən ictimai nəqliyyatda rus dilində yazılar qadağan
edilməlidir! Gürcüstanda yaşayan etnik azlıqların ünsiyyət dili
işğalçı Rusiyanın dili olmamalıdır! Biz öz dilimizdə və dövlət
dilində yaza, oxuya və danışa bilirik. Bizi Rusiyaya qaytarmayın!
Biz də avropalıyıq, bizi də Avropaya inteqrasiya
edin!"
Qeyd edək ki, ictimai nəqliyyatlarda hal-hazırda gürcü və rus
dillərindən istifadə olunur.