Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin gedişinin
onların şəxsi və fərdi qərarı olduğu, bunun məcburi yerdəyişmə ilə
heç bir əlaqəsi olmadığı Baş nazir Paşinyana yaxşı məlumdur.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın baş
naziri Nikol Paşinyanın sentyabrın 28-də hökumətin iclasında çıxışı
zamanı səsləndirdiyi iddialara dair şərhində deyilir.
"Əgər erməni sakinlərinin hansısa seqmenti Azərbaycan
qanunvericiliyi və hakimiyyəti çərçivəsində yaşamaq və ona tabe
olmaq istəmirsə, onları buna məcbur edə bilmərik. Bunun əksinə, biz
erməni sakinləri öz yaşayış yerlərini tərk etməməyə və multietnik
Azərbaycan cəmiyyətinin bir hissəsi olmağa çağırırıq.
Ermənistan, regionda sülhün və təhlükəsizliyin bərqərar olması üçün
erməni sakinlərin reinteqrasiya prosesinə maneələri aradan
qaldırmalı və hər iki ölkənin ərazi bütövlüyü və suverenliyinə
əsaslanan sülh müqaviləsi üzrə danışıqlar prosesinin uğurla başa
çatmasına fokuslanmalıdır", - deyə qeyd edilib.
Mənbə: trend.az