Bir ildir ki, Marneulili müəllim Leyla Namazova epoksid ilə
işləməyə başlayıb.
Gürcü dili və ədəbiyyatı müəllimi üçün yeni iş maraqlı hobbiyə
çevrilib.
Dekorasiyalar, müxtəlif qablar və fiqurlar düzəldir. O, deyir ki,
epoksid ilə işləməyi onlayn kursla öyrənib. İlk iş olaraq bardaq
düzəldib və hələ özünün inkişafı üzərində çalışır.
![](images/temp/2023/12/08/e046d18dac4902426dfa81363819ee8e.jpg)
“Sənətlə məşğul olan adamlara qibtə edirdim. Hesab edirdim
ki, mən heç vaxt düzəldə bilmərəm. Sosial şəbəkəyə minnətdaram ki,
məni əl işimə gətirib çıxardı. Ümumiyyətlə, gil ilə işləməyi
xoşlayırdım, amma əlimdə gil əvəzinə epoksid qaldı. Öyrənmək üçün
kurs keçdim, amma epoksidin nə olduğu haqqında heç nə bilmirdim.
Həqiqətən də risk etdim. İdeyamı övladlarıma deyəndə mənə dəstək
oldular. Həyat yoldaşım əvvəl pessimist yanaşırdı, amma işləməyə
başlayanda özü də maraqlandı və əl işlərimdə mənə kömək
edirdi”.
Leyla Namazova epoksid ilə boş vaxtlarında işləyə bilir. Məktəbdən
evə qayıdanda yorğunluğunu əl işləri ilə çıxarır.
![](images/temp/2023/12/08/d2d80eae24881ed59e84fa83c43bbfbd.jpg)
“Bütün bunları etmək üçün ilham olmalıdır. Əhvalın yerində
olmalıdır ki, işləyəsən. Əksər hallarda yorğun olanda işləmək
istəyirəm ki, istirahət edim, yorğunluğum çıxsın. Epoksiddə kiçik
ölçülü işlər böyük işlərdən daha çətindir. Hərdən səbrim çatmır və
işi sona qədər çatdıra bilmirəm. Silikondan çıxarma prosesini çox
sevirəm. Rənglərin necə alındığını görmək üçün tələsirəm. Əl işi
heç vaxt eyni cür çıxmır, hamısı fərqlidir”.
Pedaqoq deyir ki, onun yeni işi şagirdlər üçün əlavə motivasiyadır.
Onlarla öz bacarıqlarının rəngarəngliyindən tez-tez söhbət
açır.
![](images/temp/2023/12/08/2dc8a45c87499dd84107cdf69c680201.jpg)
“Şagirdlərdə ruhdan düşmə halları görəndə özümü nümunə
gətirirəm. Baxmayaraq ki, 50 yaşım var, dayanmağı düşünmürəm, yenə
nələrsə öyrənmək istəyirəm. Bilmirəm gələcəyim necə olacaq, amma
düşünürəm ki, müəyyən dövrdən sonra məktəbdən gedəcəyəm. Getdikdən
sonra nə etməliyəm, düşünürəm, bu işimin olması üçün yaxşı
vasitədir. Ona görə, uşaqlara həmişə deyirəm ki, həmişə nəyisə
öyrənmək mümkündür, əsas olan istəməkdir”.
Leyla Namazova artıq əl işlərini satmağa başlayıb. Feysbukda,
İnstagramda və Tik-Tokda səhifələr yaradıb. Yaxın gələcəkdə
aktivləşdirməyi düşünür. Emalatxana düzəltmək və kiçik biznesi
böyük biznesə çevirmək istəyir.