"Gürcüstan Azərbaycanla ənənəvi və strateji dostluq
əlaqələrini yüksək qiymətləndirir. Əminliklə deyə bilərəm ki, bu
əlaqələr iki ölkənin maraqları və ehtiyaclarına uyğun olaraq
inkişaf edəcək".
Bunu Gürcüstan xarici işlər nazirinin birinci müavini Laşa
Darsaliya dekabrın 8-də Tbilisidə Ulu Öndər Heydər Əliyev haqda
çəkilən "Dostluğun siması" adlı filmin təqdimatı zamanı deyib.
Onun sözlərinə görə, Tbilisi və Bakı arasında olan əlaqələr dostluq
və mehriban qonşuluq ənənələrinə əsaslanır:
"Heydər Əliyev Gürcüstanın ən böyük dostu və dəstəkçisi
idi. Gürcüstan və Azərbaycan arasında olan əlaqələr dostluq və
qonşuluq ənənələrinə əsaslanır. Heydər Əliyevin sayəsində Gürcüstan
və Azərbaycan arasında qarşılıqlı əlaqələr və dostluq münasibətləri
formalaşdı. Prezident İlham Əliyevin dövründə isə ələqələrimiz
strateji əməkdaşlıq səviyyəsinə qalxıb".
Nazir müavi bildirib ki, Gürcüstanın sabiq Prezidenti Eduard
Şevarnadze və Heydər Əliyevin təşəbbüsü ilə başladılan layihələr
nəinki Gürcüstan və Azərbaycan üçün ümumilikdə regionun iqtisadi
inkişafı üçün olduqca vacib idi:
"Qarşımızda duran əsas tapşırıq bütün bu ənənələri
qoruyub saxlamaq və gələcək nəsillərə ötürməkdir. Bu il Gürcüstanda
Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı silsilə
tədbirlər keçirildi. Heydər Əliyev Tbilisidə olan zaman Gürcüstan
əhalisinə müraciət edərək səsləndirdiyi fikirləri təkrarlamaq
istəyirəm: "Azərbaycan və gürcü xalqlarının bəxti onda gətirib ki,
onların birlikdə qonşu dövlətlər kimi yaşamaq imkanı
var".