Bu gün, 19 fevral tarixində Marneuli bələdiyyəsinin Saimerlo
kəndində ümumi kənd toplantısı keçirilib.
Meriya nümayəndələrinin “Marneuli” radiosuna bildirdiklərinə görə,
ümumi toplantının legitimliyi üçün kifayət sayda səs toplanıb.
Saimerlo kəndində keçirilən ümumi toplantıda Marneuli merinin
müavini Roin Dekanoidze və meriyanın İnzibati Xidmətinin rəhbəri
Mamuka Şubitidze iştirak ediblər.
Mamuka Şubitidze toplantıda iştirak edən əhaliyə bildirib ki,
kənddən meriyaya
üç təklif göndərilib. Bu təkliflər kənddə
Ağmaşenebeli küçəsində suvarma kanalının abadlaşdırılması,
qəbiristanlıq ərazisində (bulağın yanında) istirahət məkanının
yaradılması və ötən illərdə də “Kəndə dəstək proqramı” çərçivəsində
həyata keçirilmiş suvarma kanalının abadlaşdırılması layihəsinin
davam etdirilməsi ilə bağlı idi.
Saimerlo əhalisi suvarma kanalının tikilməsi layihəsinin davam
etdirilməsini dəstəkləyib. Meriya nümayəndələri bildiriblər ki,
kəndə ayrılmış 20 000 lari ilə həmin suvarma kanalının bərpası,
güman ki, başa çatdırılacaq.
Prioritetlərin seçilməsi məqsədi ilə əhali ilə görüşlər 26 fevrala
qədər keçiriləcək. Kəndə dəstək proqramı üçün 2024-cü ildə
Gürcüstanın Regionlarda Həyata Keçiriləcək Layihələr Fondundan 1
232 000 lari ayrılıb. Kəndlərə vəsait əhalinin sayına görə bölünüb.
Hər kəndə ən az 10 000 lari, ən çox isə 20 000 lari nəzərdə
tutulub.