Artıq Ukraynada atəşkəsin vaxtı çatıb – bunu Türkiyənin xarici
işlər naziri Hakan Fidan Antalya Diplomatik Forumunun bağlanış
mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Rusiya və Ukrayna qarşıdurmada hərbi
imkanların həddinə çatıb, ona görə də sülhlə bağlı dialoqa başlamaq
lazımdır.
“Biz Ukraynada atəşkəsin vaxtının yetişdiyini
düşünürük. Atəşkəs işğalın tanınması demək deyil. Bizim mövqeyimiz
ondan ibarətdir ki, hər iki tərəf artıq hərbi yolla əldə edilə
biləcək həddinə çatıb. Hesab edirik ki, indi atəşkəslə bağlı dialoq
aparmağın vaxtı çatıb”, – Hakan Fidan deyib.
Fidan əlavə edib ki, Türkiyə işğal olunmuş ərazilərin tanınmasından
danışmır, lakin indiki mərhələdə Türkiyə əmindir ki, bu məsələni və
suverenlik mövzusunu atəşkəs mövzusundan ayırmağın vaxtı çatıb.