2021-ci ilin yanvar ayından etibarən Azərbaycan Ermənistanla
dövlətlərarası münasibətlərin normallaşması istiqamətində konkret
addımlar atıb.
Bunu Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycan xarici
işlər naziri Ceyhun Bayramov azərbaycanlı və türkiyəli
jurnalistlərə açıqlamasında bildirib.
Azərbaycan 2022-ci ildə məlum 5 baza prinsipini təqdim edib və bu
prinsiplər Ermənistan tərəfindən qəbul edilib.
“Eyni zamanda beynəlxalq ictimaiyyət tərəfindən də bu
müsbət dəyərləndirilib. Azərbaycan tərəfindən hazırlanmış və bir
ildən artıq müzakirələri davam edən sənəd layihəsi də məhz o
prinsiplər üzərində qurulub, beynəlxalq hüququn norma və
prinsipləri əsasında formalaşıb. Bizim gözləntilərimiz bu məsələnin
hüquqa əsasən həll edilməsi, tərəflərin bir-birinin ərazi
bütövlüyünü tanıması şərtindən, sülh müqaviləsinin razılaşdırılması
və tərəflərin bunu qəbul etməsindən ibarətdir. Bu sülh elə bir
şərtlərə əsasən qurulmalıdır ki, davamlı olsun, gələcəkdə hər hansı
bir açıq sualların olmasına səbəb olmasın”.
Mənbə: trend.az