Niderlandın Gürcüstandakı səfiri Meline Arakelian Marneulidə səfərdə olub
Niderland Krallığının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Meline Arakelian Marneuliyə səfər edib. Niderlandın səfiri Marneuliyə səfəri zamanı “Marneuli” radiosunda da olub.

Səfir bizimlə söhbəti zamanı çoxmillətlilik, icmanın yerli özünüidarəetmə prosesinə cəlb olunmasının vacibliyi və Gürcüstanın Avropa İttifaqına üzvlüyü yolundan danışdı.

“Marneuliyə səfər etmək mənim üçün böyük şərəfdir. Niderlandın Gürcüstandakı səfiri kimi mən Gürcüstanın müxtəlif bölgələrinə səfər etməyə
çalışıram, çünki Gürcüstan çox rəngarəng ölkədir. Hər bölgənin öz xarakteri, öz adət-ənənələri var və mən Gürcüstanda bu rəngarəngliyi kəşf etməklə çox maraqlanıram. Həmçinin, əlbəttə, mən bilirəm ki, Marneuli, Kvemo Kartli çox rəngarəng regiondur və əslində bu Gürcüstanın çox tanındığı şeylərdən biridir. Çünki müxtəlif etnik qruplar əsrlər boyu bir yerdə, harmoniyada yaşayırlar. Düşünürəm ki, bu, bütün dünya üçün yaxşı bir nümunədir. Onlar bu barədə bilməlidirlər. Ancaq mən təsəvvür edirəm ki, müxtəlif etnik qruplar bir-birini daha yaxından tanımaq, mədəniyyətlərarası əlaqələr qurmaq üçün yardımdan istifadə edə bilərlər. Bizim səfirlik Marneulidə təşkilatlarla işləyir və burada dəstəklədiyimiz layihələrin əksəriyyəti etnik azlıq gəncləri arasında millətlərarası münasibətlərin, qarşılıqlı anlaşmanın və vətəndaş fəallığının artırılmasına yönəlib. Bu, bizim Marneulidə iştirakımızdır, lakin bir qədər əvvəl qeyd etdiyim kimi, Marneulidə mövcud olanlar artıq müxtəlif etnik mənsubiyyətli insanların bir yerdə yaşamasının gözəl nümunəsidir”,
– Niderlandın səfiri bildirir.

Niderland Səfirliyi Gürcüstanın Marneuli şəhərində bir neçə layihəyə dəstək verir. Səfirin sözlərinə görə, layihələr əsasən gənclərin Marneulidə yerli özünüidarəetmə orqanlarının işinə cəlb olunmasının artırılmasına və regionda çoxmillətli münasibətlərin möhkəmləndirilməsinə yönəlib.

“Mən sizə Marneulidə dəstəklədiyimiz layihələrdən bəzi misallar göstərə bilərəm. Layihələrdən biri də “Yeni Düşüncə İnstitutu”-nun “Qafqaz Evi” ilə birgə həyata keçirdiyi layihədir və onlar Marneulidə, Marneuli kəndlərində yaşayan gənclər üçün öz icmalarında fəal vətəndaş olmaq yolları ilə bağlı təlimlər keçirirlər. Onlar cəmiyyətlərində mövcud olan problemləri həll etmək üçün nə edə bilərlər? Məsələn, təlimlərdə gənclərə layihə yazmağı, yerli özünüidarənin işində necə iştirak etməyi izah edirlər və bu gün Marneulidə görüş olacaq, mən də orada iştirak edəcəyəm, bu nümunələrdən biridir. Səfirliyimiz tərəfindən dəstəklənən ikinci layihə daha çox mədəni layihədir, müxtəlif etnosların nümayəndələrinin bir kənddə necə bir yerdə yaşadıqlarını göstərən kukla teatrı tamaşasıdır. Mədəniyyət vasitəsilə bəzən çox güclü hekayələr göstərə bilərsiniz. Bundan əlavə, Marneulidə çoxmillətli münasibətləri dəstəkləyən bir çox təşəbbüslər həyata keçirilir ki, bu təşəbbüslərdən biri də Marneulidə çoxmillətli futbol komandası yaradan cənab Aram Akopyan tərəfindən həyata keçirilir. Komandada müxtəlif etnik qruplardan olan uşaqlar var ki, onlar bir yerdə oynayırlar və bu yolla onlar bir-birlərini daha yaxından tanıyırlar. Hesab edirəm ki, bu çox yaxşı təşəbbüsdür. Səfirliyimizdə insan hüquqları sahəsində çalışan fəal vətəndaşlara hər il verdiyimiz “İnsan Hüquqları Zambağı” mükafatı var və Aram Akopyan bu mükafatın finalçılarından biri olub”.

Səfirin sözlərinə görə, yerli əhalinin üzləşdiyi problemlərin ən yaxşı həll yollarını tapmaq üçün yerli özünüidarə orqanları ilə vətəndaşlar arasında fəal ünsiyyətin olması vacibdir. O, bildirir ki, səmərəli idarəetmə üçün vətəndaşların ehtiyac və qayğılarını dinləyən fəal vətəndaşlar, yerli özünüidarəetmə lazımdır.

“Yerli özünüidarə hər yerdə, o cümlədən mənim ölkəm Niderlandda böyük rol oynayır. Yerli özünüidarə mərkəzi hakimiyyətdən daha çox xalqa yaxındır, ona görə də yerli özünüidarəetmə yerlərdə hansı problemlərin olduğunu, vətəndaşları nəyin narahat etdiyini daha yaxşı bilir. Düşünürəm ki, yerli özünüidarənin rolu çox mühümdür, eyni zamanda vətəndaşların yerli özünüidarənin fəaliyyətinə necə cəlb oluna bilməsi, onları narahat edən problemlərlə bağlı necə ünsiyyət qurmağı və necə davranmağı, yerli hökumətlə yaxşı, konstruktiv dialoqa girməyi bilməsi vacibdir, çünki bir tərəfdən aktiv vətəndaşlara, digər tərəfdən isə vətəndaşlarının qayğılarını dinləyən yerli hökumətə ehtiyac var. Hesab edirəm ki, hakimiyyətin bu səviyyəsi çox vacibdir və ona görə də mən rayonlara səfər edəndə həmişə bu rayonların yerli özünüidarə nümayəndələri ilə görüşürəm. Bu gün də mən Marneuli meri ilə görüşəcəyəm, çünki ondan bu rayon və icma haqqında eşitmək mənə çox maraqlıdır”.

Niderland Krallığı Gürcüstana Avropa İttifaqına üzvlüyünə namizəd statusu verən Avropa İttifaqının 27 üzv dövlətindən biridir. Səfirin sözlərinə görə, namizəd statusunun alınması mühüm və tarixi qərar idi. Üzv olduqdan sonra növbəti mərhələyə keçmək üçün Gürcüstan həm hökumət, həm də vətəndaş sektoru nümayəndələri Avropa İttifaqının müəyyən etdiyi 9 tövsiyəni yerinə yetirməyə çalışmalıdır.

“Gürcüstana namizəd statusunun verilməsi qərarı çox mühüm və tarixi qərar idi. Həm də çox emosional idi. Bir səfir kimi mənim üçün gürcü xalqının reaksiyasını, bu faktın onlar üçün nə qədər vacib olduğunu görmək çox emosional idi. Təbii ki, ölkəmiz Gürcüstana namizəd statusu vermək qərarına gələn 27 ölkədən biri olub. Niderlan Gürcüstanın Avropa İttifaqına üzv olmaq istəyini dəstəkləyir. Biz hesab edirik ki, Gürcüstanın yeri Avropa İttifaqındadır. Təbii ki, Avropa İttifaqına daxil olmaq bir prosesdir və bu prosesin nə qədər tez keçəcəyi Gürcüstandan da asılıdır, çünki o, Avropa İttifaqına üzvlüklə bağlı islahatlar həyata keçirməlidir. Bu mərhələdə Avropa İttifaqı proses növbəti mərhələyə keçməzdən əvvəl bir ölkənin atmalı olduğu 9 addım hazırlayıb ki, bu da üzvlüklə bağlı danışıqlarının başlanğıcıdır. Bu 9 addımın həyata keçirilməsi çox vacibdir, bu təkcə hökumətin işi deyil, cəmiyyətin bütün maraqlı tərəfləri də öz töhfəsini verməlidir. Təbii ki, Gürcüstan bu yolda tək deyil və Niderland da digər Avropa İttifaqına üzv ölkələr kimi sizə bu addımların atılmasına kömək edir”, - Niderlandın səfiri bildirir.

Niderlandın səfiri Marneuliyə səfəri zamanı “Yeni Düşüncə İnstitutu”-nun təşkil etdiyi tədbirdə iştirak edib və Marneuli bələdiyyəsinin yerli özünüidarəetmə orqanlarının nümayəndələri ilə görüşüb.

Print Email
FaceBook Twitter Google
«« Dekabr 2024 »»
Bz.er Çr.ax Çr Cm.ax Cümə Şn Bz
252627282930 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 12345